Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilir-YENİLƏNİB

Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilir-<font color=red>YENİLƏNİB</font>
# 29 aprel 2012 13:13 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, qurultayda konqresə üzv təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə deputatları, AAK-a üzv olmayan cəmiyyət və birliklərin, digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Qurultay AAK-nın fəaliyyətindən bəhs edən “Gücümüz birliyimizdədir” sənədli filminin nümayişi ilə başlayıb.

Toplantıda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilib. Ötən qurltaydan keçən dövr ərzində Avropada yeni Azərbaycan diaspor təşkilatlarının yaradılması prosesinin davam etdiyini qeyd edən B. Kömür IV qurultayda Almaniyanın 43, İsveç Krallığının 23, Niderland Krallığının 21, Fransanın 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığının 11 nəfərlə təmsil olunduğunu qeyd edib.
Konqres rəhbəri “20 yanvar”, Xocalı, 31 mart – Azərbaycanlıların soyqırımı günü kimi faciələrin ildönümləri Avropanın onlarla ölkəsində müxtəlif tədbirlərlə qeyd etdiklərini, həmçinin Fransa Senatında ermənilərə dəstək olaraq çıxarılan qanunla bağlı etiraz aksiyaları keçirdiklərini bildirib.

O, Azərbaycan mədəniyyətinin təbliği üçün mütəmadi kоnsеrt prоqramlarının təşkil еdildiyini, onlarla ədəbi-bədii, musiqili tədbirlərin keçirildiyini söyləyib.

Konqres üzvlərinin yaşadıqları ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etdiklərini söyləyən B Kömür “2011-ci ildə Azərbaycan diaspоrunun fəal üzvlərindən оlan Еstоniya Mərkəzçi Partiyasının nümayəndəsi Еldar Əfəndiyеv üçüncü dəfə Еstоniya Parlamеntinin millət vəkili, doktor Rahim Şmit Almaniya Federal Dövlətinin Raynlan Falts Əyalət Parlamentinin millət vəkili seçiliblər. 2011-ci ildə Almaniyadakı Azərbaycanlıların Kооrdinasiya Mərkəzi diaspоr təşkilatı kimi Bеrlin tоrpağının Məsləhətçi Şurasının ictimai təşkilatlar siyahısına daxil еdilib. Bununla da AAKM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi Şuranın sеçkilərində iştirak еtmək hüququ qazanıb”.

Konqres sədri qeyd edib ki, digər ölkələrin diaspor təşkilatları ilə mütəmadi olaraq müzakirələr aparılır, əməkdaşlıq barədə razılıqlar əldə olunur.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlətin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb.

Ə.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu qeyd edib: ” Son illərdə Azərbaycanın artan qüdrəti, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlər dövlətin düşmənlərini qıcıqlandırır, həmin qüvvələri anti Azərbaycan fəaliyyətinə sövq edir. Həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanlarının anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılması işində diaspor təşkilatlarımızın üzərinə də böyük məsuliyyət düşür”.

Azərbaycanın xarici siyasətindəki uğurlardan danışan Ə. Həsənov ölkəmizin BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü seçildiyi xatırladaraq, bunun ölkəmizin nüfuzunun göstəricisi olduğunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AAK-ın 8 illik fəaliyyət dövrünə nəzər salıb.Sədr bildirib ki, konqresin seçiləcək yeni rəhbər heyətinə də Dövlət Komitəsinin dəstəyi davam edəcək.

Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Beni- Lüks Azərbaycanlıları Konqresinin prezdenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar çıxışlar edərək, diaspor təşkilatlarının əməkdaşlıq perspektivlərindən danışıblar.

Qurultay çərçivəsində həmçinin AAK-a yeni üzvlərin qəbulu planlaşdırılır.

Tədbirdə Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçiriləcək.

Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayının Qətnaməsi qəbul ediləcək.

AAK-ın IV Qurultayında “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası”nın yaradılması gözlənilir.

Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Qurumun yaradılmasında əsas məqsəd Avropa ölkələrindəki soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsidir. Konqresdə Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR