Malidə dövlət çevrilişi baş verib

Malidə dövlət çevrilişi baş verib
# 22 mart 2012 07:07 (UTC +04:00)
APA-nın məlumatına görə, hakimiyyəti ələ keçirən hərbçilər birbaşa efirdə Konstitusiyanın qüvvədən düşdüyünü, hökumətin və digər dövlət institutlarının buraxıldığını elan ediblər.

Ölkə vətəndaşları qarşısında çıxış edən “Demokratiyanın bərpası və dövlətin dirçəlişi üzrə Milli Komitə”nin təmsilçisi leytenant Amadu Konare (Amadou Konare) hakimiyyəti seçkilər nəticəsində müəyyənləşəcək yeni hökumətə təhvil verməyə hazır olduqlarını bəyan edib. Seçkilərin tarixi barədə isə hələlik məlumat verilməyib.

Martın 21-də axşam Mali ordusu paytaxt Bamakoda prezident sarayını mühasirəyə alıb, martın 22-də səhər isə saray tamamilə hərbçilərin nəzarəti altına keçib. Hərbçilər prezidentin devrildiyini, bir neçə naziri, o cümlədən xarici işlər nazirini həbs etdiklərini açıqlayıblar. Prezident Amadu Tumani Turenin harada olduğu məlum deyil.

Qeyd edək ki, hərbçilər hakimiyyət orqanlarının Malinin şimalında tuareq tayfasının üsyanına göstərdiyi reaksiyadan narazıdır. Onların fikrincə, üsyanın yatırılması tədbirləri lazımi səviyyədə aparılmır, əsgərlər qida və hərbi sursatla lazımi səviyyədə təchiz olunmurlar. Bundan başqa, hərbçilər üsyanın yatırılmasında həlak olmuş hərbçilərin ailələrinə hakimiyyət tərəfindən daha çox diqqət ayrılmasına nail olmaq istəyirlər.

“Azavadın azadlığı uğrunda milli hərəkət” təşkilatına daxil olan tuareqlər Saxara səhrasındakı Azavad regionunun müstəqilliyi uğrunda mübarizə aparırlar. Regiona Malinin şimal-şərq və şərq, Burkino-Fasonun şimal, Nigerin qərb və şimal-qərb, habelə Əlcəzairin cənub-şərq və Liviyanın cənub-qərb hissəsi daxildir. Yerli mətbuatın yazdığına görə, tuareqlərə Liviyanın keçmiş lideri Müəmmar Qəddafi də dəstək verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR