BVF rəhbəri: “Yunanıstan avrozonanı tərk edə bilər”

BVF rəhbəri: “Yunanıstan avrozonanı tərk edə bilər”
# 16 may 2012 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard rəsmi Afinanın büdcə kəsirinin ixtisarı üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, Yunanıstanın avrozonanı tərk edəcəyini istisna etməyib.

APA-Economics”in “France24”ə istinadən xəbərinə görə, K.Laqard hadisələrin bu istiqamətdə cərəyan etməyəcəyinə ümid etdiyini vurğulayıb.

“Əks halda, biz hüquqi baxımdan hər şeyə hazır olmalıyıq. Prosedur riskli və məsrəfli olacaq, amma Yunanıstanın avrozonadan çıxma ehtimalını nəzərdə saxlamaq lazımdır” - deyə BVF rəhbəri qeyd edib.

Qeyd edək ki, mayın 6-da keçirilən parlament seçkilərindən sonra Yunanıstanda hökumətsizlik yaranması ölkənin avrozonadan çıxma ehtimallarını artırıb. Seçkilərdə partiyalardan heç biri əksər səs çoxluğu qazana bilməyib və bütün cəhdlərə rəğmən, koalisiya hökuməti qurmaq mümkün olmayıb. Bu səbəbdən ölkə prezidenti Karlos Papulyas iyunda növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Bu seçkilər keçirilənə kimi əsas icraedici orqan müvəqqəti hökumət funksiyasını həyata keçirəcək.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Yunanıstana 2010-cu ildə AB və beynəlxalq maliyyə təşkilatlarından 110 mlrd. avro həcmində ilk yardım paketi alıb. Bu ilin martında isə AB 130 mlrd. avro həcmində ikinci yardım paketinin həyata keçirilməsinə başlayıb. Afina bu paket üzrə bütün vəsaiti 2015-ci ilin sonuna qədər alacaq. Bundan başqa, BVF Yunanıstana 28 mlrd. avro kredit verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR