Bakıda Cənubi Qafqaz regionunda memarlığa həsr olunmuş kitabın təqdimatı keçirilib

Bakıda Cənubi Qafqaz regionunda memarlığa həsr olunmuş kitabın təqdimatı keçirilib
# 30 iyul 2012 06:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda tikinti materialları istehsalçısı olan «AAC» şirkətinin dəstəyi ilə «Qırmızı körpü. Müasir Cənubi Qafqaz Memarları» adlı kitabın təqdimat mərasimi keçirilib.
«APA-Economics»in məlumatına görə, Azərbaycan və Gürcüstan memarlarının maraqlı və qeyri-adi layihələrinin əks olunduğu bu kitabın müəllifləri Azərbaycanın tanınmış memarı Elçin Əliyev və Gürcüstanın aparıcı memarı olan Nino Lagidzedir.
Təqdimat mərasimini giriş sözü ilə açan memar E.Əliyev bu kitabın iki ölkənin memarlarının əziyyətli və səmərəli əməkdaşlığının nəticəsi olduğunu bildirib.
Təqdimatda daha sonra tədbirə dəstək verən «Gobustone» tikinti materiallarının istehsalçısı olan «AAC» Müasir Tikinti Materialları Zavodunun baş müdiri Teymur Abdurəhimov memarlığın birbaşa tikinti məhsulları sahəsi ilə əlaqəli olduğunu bildirib və qeyd edib ki, çox qısa bir zamanda «Gobustone» kimi tikinti məhsuluna nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda da çox böyük tələbat olacaq və artıq bu proses başlayıb.
T.Abdurəhimovun sözlərinə görə, son illər ərzində Cənubi Qafqaz memarlarının layihələri böyük maraqla qarşılanır və bir çox müsabiqələrdə qalib gəlir: «Müasir tikinti bumu isə öz peşəkarlığını nümayiş etdirmək istəyən memarlarımız üçün əlverişli imkandır. Şəhərsalma, tikinti və memarlıq göründüyündən daha çox məsuliyyətli və ciddi işdir. Məhz buna görə, bu gün tikinti sahəsində çalışan bütün mütəxəssislərin fikrincə, istənilən layihənin reallaşması zamanı tikinti materiallarının seçimi böyük önəm daşıyır. Mütəxəssislər artıq öz seçimlərini məsaməli beton bloklarda ediblər. Bütün Avropa bu məhsula üstünlük verir».
Qeyd edək ki, təqdimat mərasimində Azərbaycan, Gürcüstan və Rusiyanın aparıcı memarları iştirak ediblər. Qonaqlar sırasında Rusiyanın aparıcı memarı olan Əsədov Aleksandr Rafel da olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR