«TBC Kredit» Azərbaycanda biznesin inkişafı üçün xaricdən 4,5 mln. dollar kredit cəlb edib

«TBC Kredit» Azərbaycanda biznesin inkişafı üçün xaricdən 4,5 mln. dollar kredit cəlb edib
# 02 avqust 2012 12:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» bank olmayan kredit təşkilatı «MicroVest» və «responsAbility Social Investments AG» adlı beynəlxalq maliyyə təşkilatlarından kreditlər cəlb edib. «TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, borcun ümumi məbləği 4,5 mln. ABŞ dolları təşkil edir və Azərbaycanda kiçik biznesin kreditləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu vəsaitin 1,5 mln. dollarını «MicroVest», qalan 3 mln. dolları isə «responsAbility Social Investments AG» təqdim edir. Artıq «MicroVest»in vəsaitləri tam həcmdə təqdim olunub, ikinci kreditdən isə 1 mln. Dollar alınıb.

Ümumiyyətlə, «TBC Kredit» uzun müddətdir OPIC (Overseas Private Investment Corporation, USA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq edir.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir və 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR