«Azərneftyağ» neft məhsullarının istehsalını artırıb

«Azərneftyağ» neft məhsullarının istehsalını artırıb
# 04 sentyabr 2012 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərneftyağ» zavodu neft emalı proqnozunu üstələyib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, zavodda 636 831 ton neftin emalı nəzərdə tutulduğu halda, faktiki olaraq avqust ayının 20-dək 640 851 ton neft emal edilib: «Həmin dövr ərzində ümumilikdə 341 316 ton həcmində açıq rəngli neft məhsulları istehsal olunub ki, bunun da 68 735 tonunu benzin, 81 211 tonunu ağ neft, 191 370 tonunu isə dizel yanacağı təşkil edib. Alınan açıq rəngli neft məhsullarının çıxım faizi (53,7%) proqnozda nəzərdə tutulduğundan çox olub. Vakuum şəraitində aparılan emalda isə 184 882 ton həcmində yağ distilatları alınıb».

Bundan başqa, zavodda 4 nömrəli sexin 401 saylı bitum istehsalı qurğusunda cari ilin 8 ayı üzrə qarşıya qoyulmuş tapşırıq 108,7% yerinə yetirilib. Belə ki, nəzərdə tutulan 175 940 ton bituma qarşı, faktiki olaraq 191 260 ton bitum istehsal edilib: «Eyni zamanda, 2 ədəd 3 min tonluq yeni bitum çəni quraşdırılaraq istifadəyə verilib».

Bununla yanaşı, 5 saylı sexin 501 saylı sürtkü yağlarının hidrogenlə təmizlənməsi qurğusunda 825 ton M-12Bb mühərrik yağı, 8 961 ton C-11 silindir yağı, 5 923 ton AK-15 avtotraktor yağı, 13 132 ton İ8A markalı sənaye yağı və 63 347 ton A-markalı yağlar, eləcə də 284 742 ton vakuum qazoyl istehsal olunub: «Ümumilikdə zavod üzrə 46 246,023 ton həcmində sürtkü yağları istehsal olunub».

Qeyd edək ki, «Azərneftyağ» Neft Emalı Zavodunda benzin, ağ neft, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR