Bakıda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının İcra Komitəsinin toplantısı keçiriləcək

Bakıda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının İcra Komitəsinin toplantısı keçiriləcək
# 08 fevral 2012 12:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) İcra Komitəsinin toplantısı keçiriləcək. Fevralın 20-dən 26-dək keçiriləcək toplantıda 16 dövlətdən 20-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 20-də başlayacaq toplantıda “Uşaq nağıllarının müasir yozumu”, “Marketinq və tamaşaçı şəbəkəsinin yaranması”, “Uşaq teatrlarında rəqs” mövzularında seminarların, fevralın 21-də isə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq 2011-ci il noyabr ayında Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı ilə birlikdə Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib. Festival çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR