İlker Başbuğ ona qarşı irəli sürülən terrorçu qrupun lideri olmaq ittihamını qəbul etmədiyini açıqlayıb

İlker Başbuğ ona qarşı irəli sürülən terrorçu qrupun lideri olmaq ittihamını qəbul etmədiyini açıqlayıb
# 26 fevral 2012 10:16 (UTC +04:00)
Bakı - APA. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) keçmiş baş qərargah rəisi, hazırda həbsdə olan İlkər Başbuğ “Reuters” agentliyinə açıqlama verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Silivridəki həbsxanadan vəkilləri vasitəsilə “Reuters”-in suallarını cavablandıran İlkər Başbuğ hələ də ona qarşı irəli sürülən terrorçu qrupun lideri olmaq ittihamını qəbul etmədiyini bildirib. O, bir hərbçi kimi keçdiyi yolun həbsxana həyatına adaptasiya olmağı asanlaşdırdığını bildirib. Sabiq baş qərargah rəisi səhhətinin, əhvalının qaydasında olduğunu, həbs ediləndən sonra durumunu idman hərəkətləri ilə qoruduğunu deyib: “Bir əsgər kimi hər cür stressə və çətinliyə hazırıq, heç bir problem yoxdur”.

İ. Başbuğ onu ən çox incidən məqamın guya “Ergenekon” terror təşkilatının rəhbəri kimi Türkiyə Silahlı Qüvvələrində özünə yer etmək ittihamı olduğunu deyib. O, kamerasında televizor olduğunu, TSQ-nin keçmiş 1-ci ordu komandanı Hurşit Tolun və keçmiş Ege Dəniz Bölgə komandanı Alaettin Sevimlə bir kamerada saxlandığını deyib.

İ. Başbuğ vəkilindən başqa, ailə üzvləri ilə görüşdüyünü, Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin onu ziyarət etdiklərini deyib.

Qeyd edək ki, “Reuters” İ. Başbuğu Türkiyənin indiki hakimiyyətini İslam kökənli olduğu üçün devirməyə çalışmaqda ittiham olunan yüzlərlə hərbçidən ən yüksək rütbəlisi kimi təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR