Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb

Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb
# 10 sentyabr 2012 11:09 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 7-dən Masallı rayonunda başlayan dördgünlük Beynəlxalq Folklor Festivalı başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, tədbir Masallı Olimpiya İdman Kompleksində yekunlaşıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivalda iştirak etmiş bütün kollektivlərə Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edib. Daha sonra Rusiya, İran, Türkiyə, Latviya, o cümlədən Naxçıvan və Masallının folklor ansamblları və qrupları möhtəşəm konsert proqramı ilə çıxış edərək, bir daha məharətlərini nümayiş etdiriblər.

Qonaqlar Masallıda keçirdikləri günləri uzun müddət unutmayacaqlarını bildiriblər. Onlar qeyd ediblər ki, Masallı istənilən Beynəlxalq mədəni tədbirə ev sahibliyi edə bilər.

Latviyanı Azərbaycanda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş Anmarinin ifasında Polad Bülbüloğlunun məşhur “Gəl, ey səhər!” mahnısınının Azərbaycan dilində səslənməsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış və s. kütləvi tədbirlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR