Elmar Məmmədyarov İƏT-ə üzv dövlətlərinin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasında iştirak edib

Elmar Məmmədyarov İƏT-ə üzv dövlətlərinin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasında iştirak edib
# 28 sentyabr 2013 14:54 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın İƏT-in nizamnaməsinə sadiq qalaraq təşkilatın 10 illik fəaliyyət planını dəstəklədiyini qeyd edib və bu məqsədlə keçən il təşkilatın büdcəsinə Azərbaycanın üç milyon ABŞ dolları dəyərində könüllü töhfə verdiyini və bu il Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarına ev sahibliyi etdiyini xatırladıb.

2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli görüşün keçirilməsi niyyətində olduğunu deyən nazir Elmar Məmmədyarov, Suriyada baş verən hadisələrə münasibətdə də Azərbaycanın narahatlığını ifadə edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan nazir Elmar Məmmədyarov, Ermənistanın hərbi gücdən istifadə edərək Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına geri dönmədən məhrum etdiyini bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və dini abidələrin məhvə məruz qaldığını deyən nazir Elmar Məmmədyarov əlavə edib ki, Ermənistan tərəfindən müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törədən şəxslər Azərbaycan xalqına qarşı soyqırımı əməllərinə görə məsuliyyət daşıyanlar qəhrəmanlaşdırılır və cəmiyyətdə yüksəldilirlər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin BMT TŞ və İƏT qətnamələri əsasında beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə və Ermənistanın təcavüzünü qətiyyətlə pislədiklərinə görə üzv dövlətlərə təşəkkür edib.

İslamofobiya meyllərin güclənməsinə münasibətdə Azərbaycanın narahatlığını ifadə edən nazir Elmar Məmmədyarov, Azərbaycanın dini zəmində nifrətin aradan qaldırılması, dinlər və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR