Litva Seymində “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” adlı anım mərasimi keçirilib - FOTO

Litva Seymində “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” adlı anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 20 yanvar 2014 08:08 (UTC +04:00)

Bakı – APA. Litva Seyminin (Parlamentinin) Konstitusiya zalında 20 yanvar 1990-cı il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” adlı anım mərasimi keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, Seymin konstitusiya zalının qarşısında 20 yanvar faciəsi ilə bağlı foto, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinə dair Litva dilində nəşr olunmuş kitab və bukletlərdən ibarət sərgi təşkil olunub.

Anım mərasimində Litvanın ilk dövlət başçısı, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis, Litva Seyminin sədr müavini Alqirdas Sisas, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yuras Pojela, Litva Seyminin və Avropa Parlamentinin deputatları, 13 yanvar qardaşlıq təşkilatının rəhbəri və üzvləri, bir sıra universitetlərin rektor və müəllimləri, ictimai-siyasi xadimlər, tanınmış tarixçilər, politoloqlar, qeyri hökumət təşkilatlarının rəhbərləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər. Tədbir yanvar faciəsi qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan Y. Pojela 20 yanvar və 13 yanvar faciəsinin Litva və Azərbaycan xalqlarını birləşdirdiyini qeyd edib.

Səfir Həsən Məmmədzadə çıxışında tədbir iştirakçılarına yanvar faciəsi qurbanlarının xatirələrinə göstərdikləri diqqətə görə təşəkkür edərək, onlara 20 yanvar faciəsi haqqında ətraflı məlumat verib. Litva ilə yanaşı, Azərbaycanda da milli azadlıq hərəkatının keçmiş SSRİ-də ən güclü hərəkatlardan biri olduğunu vurğulayan səfir 20 yanvar və 13 yanvar faciəsinin xalqlarımızın tarixində qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi olduğunu vurğulayıb.

Sonra V. Landsbergis çıxış edib. O, Azərbaycan və Litva xalqlarının ortaq talelərinin olduğunu, hər iki xalqın 1918-ci ildə müstəqillik əldə etdiklərini, 1991-ci ildə isə bu müstəqilliyi yenidən bərpa etdiklərini bildirib. O, artıq 20 yanvar faciəsinə qədər Azərbaycanın öz sərhədlərini İran istiqamətində açdığını qeyd edərək, bu faciənin düşünülmüş şəkildə həyata keçirildiyini vurğulayıb. Avropa Parlamentinin üzvü bu gün də Azərbaycanın müstəqil dövlət olmasını istəməyən qüvvələrin həm Qafqazda, həm də Asiyada mövcud olduğunu qeyd edib. O, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında saxlanılması ilə bəzi qüvvələrin Azərbaycanı müharibəyə sövq etmək istədiyini bildirib. V. Landsberqis qeyd edib ki, müstəqilliyimizin asan əldə olunmadığının bu gün bir daha şahidi oluruq.

Sonra Heydər Əliyevə həsr olunmuş “Hakimiyyətin yükü” filmində 20 yanvar faciəsi ilə bağlı əks olunmuş video görüntülər nümayiş olunub.

Daha sonra çıxış edən - Litva Seyminin sədr müavini Alqirdas Sisas, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Mantas Adomenas, Litva-Azərbaycan Assosiasiyasının sədri İmantas Melianas və 13 yanvar qardaşlıq təşkilatının rəhbəri Qasparas Qenzbiqelis hər iki faciəsinin dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın olduğunu və bunun ovaxtkı Sovet rəhbərliyi tərəfindən Azərbaycan və Litva xalqlarının haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirdiklərini bildiriblər.

Sonda Vilnüs hadisələrinə həsr olunmuş video görüntülər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR