QHT Əməkdaşlıq Alyansı prezident seçkiləri ilə bağlı monitorinqin yekun nəticələrini açıqlayıb

QHT Əməkdaşlıq Alyansı prezident seçkiləri ilə bağlı monitorinqin yekun nəticələrini açıqlayıb
# 04 oktyabr 2013 10:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. QHT Əməkdaşlıq Alyansı oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aparılan monitorinqin yekun nəticələrinə dair mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, alyansın həmsədri Rufiz Qonaqov bildirib ki, monitorinqin 12 sentyabrdan başlayan ikinci mərhələsi artıq yekunlaşıb və bu mərhələdə 5 regionda monitorinqlər aparılıb. Onun sözlərinə görə, monitorinq zamanı ümumilikdə 11 regionda 78 rayon əhatə olunub, 19500 nəfər respondent iştirak edib.

R.Qonaqov qeyd edib ki, monitorinqin aparılmasında əsas məqsəd əhalinin seçki hazırlığını müşahidə etmək, partiya və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığının təyin etmək olub: “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86,46%-i prezident İlham Əliyevə, 6,54%-i Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,5%-i Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2,4%-i BAXCP sədri Qüdrət Həsənquliyevə, 0,70%-i ADP sədri Sərdar Cəlaloğluna, 0,44%-i Zahid Oruca, 0,43%-i İlyas İsmayılova, 0,53%-i isə digər namizədlərə inandıqlarını bildiriblər.

“Bu gün seçkilər keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin 86,46 %-i, yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6,54%-i, yəni 1276 nəfər Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2,5%-i, yəni 487,5 nəfəri İqbal Ağazadəyə, 2,4%-i, yəni 467,75 nəfəri isə Qüdrət Həsənquliyevə, 2,1%-i, yəni 408,75 nəfər isə digər namizədlərə səs verərdim deyə cavab verib”.

Alyansın həmsədri Rəfail Becanov deyib ki, monitorinqdə namizədlərin reytinqi ilə yanaşı siyasi partiyalarında yekun reytinqləri öyrənilib. Onun sözlərinə görə, partiyaların reytinqində birincilik YAP-a məxsusdur: “Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 860 nəfəri, yəni 86,46%-i YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2 640 nəfəri, yəni 13,54%-i digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər”.

Alyansın həmsədri Yadigar Məmmədli isə ölkədəki seçki mühiti ilə bağlı çıxış edərək bildirib ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. O qeyd edib ki, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi, seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR