Topaz Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb

Topaz Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb
# 12 dekabr 2013 14:12 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik göstəricilərə əsasən, ötən turun ən yaxşısı “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silva olub.


Topa sahib olmada “Qəbələ” və “Qarabağ”, hücum sayında isə “Neftçi” və “Sumqayıt” klubları fərqləniblər. “Gənclik şəhəri”nin təmsilçiləri ötən tur rəqib qapısına hamıdan çox zərbə endirib, həmçinin, digərlərindən daha çox top itkisinə yol verib. Dəqiq ötürmələrdə paytaxt təmsilçiləri – “Neftçi” və “İnter”in futbolçuları digərlərindən üstün olub. AZAL və “Qarabağ” futbolçuları hərəyə 4 dəfə oyundankənar vəziyyətə düşüb. Paytaxtın eyniadlı komandası ötən tur 8 künc zərbəsi ilə digər komandaları bu göstəricidə üstələyib.

Komanda yoldaşlarına ən çox ötürmə edən Rəşad Sadiqov (Neftçi), rəqib qapısına ən çox zərbə endirən Daniel Subotiç (Qəbələ), hava mübarizələrində hamıdan uğurlu isə Anderson Olivyeradır (Simurq).

Turun rəmzi yığmasında isə 11 oyunçudan 6-sı “Qarabağ”ı təmsil edir. Yarımmüdafiə xətti bütünlüklə bu kluba məxsusdur.

Qapıçı – Giorgi Lomaya (İnter);
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Qara Qarayev (Qarabağ), Leroy Corc (Qarabağ), Marinaldo da Silva (Qarabağ);
Hücumçular – Reynaldo Silva (Qarabağ), Daniel Subotiç (Qəbələ).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR