Vəkil: “Müdafiəmizi Orxan Zeynalovun mövqeyi üzərində quracağıq” - FOTO

Vəkil: “Müdafiəmizi Orxan Zeynalovun mövqeyi üzərində quracağıq” - <span style="color: red;">FOTO
# 30 iyun 2014 15:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Orxan Zeynalov bildirir ki, hadisə baş verən gecə Qərbi Biryulevo rayonunda olmayıb. Yaşadığı Kolomna şəhərində olub. Bu Orxan Zeynalovun mövqeyidir. Onun dediklərinə inanıb-inanmamaq barədə biz hələ danışa bilmərik. Biz onun hüquqlarını məhkəmədə müdafiə etməliyik. Məhkəmə istintaqı bunu göstərəcək. Cinayət işi üçün vacib olan şahidlərin ifadələri məhkəmədə alındıqdan sonra biz, Orxan Zeynalovu necə müdafiə edəcəyimizi müəyyən edəcəyik". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında Orxan Zeynalovun azərbaycanlı vəkili Abbasmirzə Abdullayev deyib.

"Biz müdafiəmizi təbii ki, Orxan Zeynalovun mövqeyi üzərində quracağıq. Əgər müttəhim belə bir şey deyirsə, biz onun dediklərin müdafiə edəcəyik. Orxanın dediklərinə inanıb-inanmamaq haqqımız yoxdur. Məhkəmə istintaqı zamanı hər şey sübuta yetiriləcək. O zaman bizə də aydın olacaq ki, hadisə necə baş verib və Orxan Zeynalov nə qədər günahkardır. Əgər belədirsə, Orxan Zeynalovun bu mövqeyini axıra qədər müdafiə edəcəyik. Əks təqdirdə isə müdafiə də başqa cür olacaq. Vəkil kimi borcumuz qanun çərçivəsində müttəhimi müdafiə etməkdir. Əgər günahkar deyilsə, çalışacağıq ki, azadlığa çıxsın. Günahkardırsa, ona çıxarılan hökmün ədalətli olmasına çalışacağıq", deyə Abbasmirzə Abdullayev bildirib.

"Əminəm ki, məhkəmə oğlum Yeqor Şerbakovun qatili barəsində ədalətli qərar çıxaracaq". Bunu jurnalistlərə açıqlamasında Yeqor Şerbakovun atası Vladimir Şerbakov bildirib.

V. Şerbakov oğlunun qatilinin Orxan Zeynalov olduğuna inandığını söyləyib: "Mən Orxan Zeynalovun oğlumun qatili olduğuna inanıram. Cinayət işinin ibtidai istintaqı qanun çərçivəsində aparılıb. Məhkəmə istintaqının da qanun çərçivəsində aparılacağına əminəm".

Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Dövlət ittihamçıları ittiham aktını elan edib.

Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunduğu bildirilib.

İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.

Bundan sonra söz Orxan Zeynalova verilib. O, özünü elan olunan ittiham üzrə təqsirli bilmədiyini deyib: "Mən heç kəsi öldürməmişəm. Hadisə baş verən gün Moskvanın Qərbi Biryuleva rayonunda yox, Kolomma şəhərində olmuşam".

Məhkəmə zamanı Orxan Zeynalovun tərcüməçi ilə bağlı problemi də yaranıb. Belə ki, o, məhkəmə tərəfindən onun üçün təyin olunan tərcüməçini istəməyib. O. Zeynalov məhkəmədən ibtidai istintaq vaxtı ona tərcüməçilik etmiş şəxsin məhkəməyə dəvət olunmasını xahiş edib. Səbəb kimi də, o, məhkəmə tərəfindən ona təyin olunan tərcüməçini başa düşmədiyini söyləyib: "Sizin tutduğunuz tərcüməçi Azərbaycan dilində Dağıstan dialektində danışır. Mən onu yaxşı başa düşə bilmirəm".

Daha sonra zərərçəkən şəxs - Yeqor Şerbakovun atası Vladimir Şerbakovun, şahid - qardaşı Anton Şerbakovun ifadələri dinlənilib.

Məhkəmə baxışı sabah davam etdiriləcək.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR