«Azərsu» Qala-Zirə su kəmərinin inşasına başlayıb - FOTO

«Azərsu» Qala-Zirə su kəmərinin inşasına başlayıb - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Azərsu» ASC Bakı şəhəri və ətraf qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

«Azərsu»dan «APA-Economics»ə bildirilib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər) çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanılıb.

Ceyranbatan-Qala magistral su kəmərinin davamı olaraq tikilən xətt 22,2 km layihələndirilib və 1 020 mm diametrli metal borularla çəkilir. Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtülür.

Qala-Zirə su xətti Ceyranbatan-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək. Magistral xətt və su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini dayanıqlı içməli su ilə təmin edəcək.

Qeyd edək ki, 2012-2013-cü illərdə tikilərək istismara verilmiş Ceyranbatan-Qala su kəməri ilə cari ilin iyul ayından yaşayış məntəqələrinə içməli suyun verilməsinə başlanıb. Ötən müddətdə magistral kəmərdən Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivinə, Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana və Zabrat qəsəbələrinə, Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan və Qala qəsəbələrinə içməli suyun verilməsi təmin edilib.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 mln.-a yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR