Pakistanda Heydər Əliyev Fondunun dəstəyi ilə Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

Pakistanda Heydər Əliyev Fondunun dəstəyi ilə Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 08:15 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor şəhərlərində, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, Fəyzabad şəhərində yerləşən Ancumen Faiz Ul İslam (AFUİ) kimsəsiz uşaqlar evində təşkil olunmuş mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri senator Zəfər Əli Şah, senator Səidə İqbal, senator Nuzhat Sadıq, senator Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Həmçinin səfir Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən senator Zəfər Əli Şah, senator Səidə İqbal və AFUİ-nin prezidenti Mian Sadiq Əkbar Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirib və Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, islam dəyərlərinə sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

Pakistan Senatı administrasiyasının rəhbəri İftixarulla Babar 9 oktyabr prezident seçkilərini müşahidə etmək üçün parlament nümayəndə heyəti tərkibində Azərbaycana səfər etdiyini bildirərək, prezident İlham Əliyevin tam azad seçkilərdə 85% səslə yenidən ölkə başçısı seçildiyini qeyd edib və Azərbaycanda gedən iqtisadi islahatlar, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Lahor şəhərində təşkil olunmuş mərasimdə çıxış edən Azərbaycan-Pakistan fondunun prezidenti, Azərbaycan Diplomatik Akademiyanın (ADA) məzunu Naman Zəfər Çoudri Azərbaycan ilə Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri, ADA-da təhsil aldığı illərin xatirələri haqda danışıb.

Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə isə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bu tədbir çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda böyük bir mənəvi dəstək mənbəyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR