Xalq artisti Həsən Məmmədovun xatirəsi yad edilib - FOTO

Xalq artisti Həsən Məmmədovun xatirəsi yad edilib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 22-də xalq artisti Həsən Məmmədovun 75 yaşı tamam olur. APA-nın məlumatına görə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda aktyorun məzarını ziyarət ediblər. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Elxan Qasımov və başqa kino xadimlərinin, ziyalıların iştirak etdiyi anım mərasimində Həsən Məmmədovun məzarı üstünə əklil qoyulub, ruhuna dualar oxunub.

Rejissor Elxan Qasımov bildirib ki, dekabrda Həsən Məmmədovun 75 illiyi münasibəti ilə xatirə gecəsi keçiriləcək. Anım tədbirində H.Məmmədovun çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək, Azərbaycan kinosunun inkişafında göstərdiyi xidmətlər haqqında çıxışlar olacaq: “Həsən Məmmədov böyük sənətkar idi, bütün ömrünü kinoya həsr etmişdi. Onun ruhu bu gün şaddır ki, dostları, sənət yoldaşları məzarı başında onu yad edirlər. Həsən müəllimin xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq”.

Qeyd edək ki, Həsən Məmmədov 1938-ci ildə Salyanda anadan olub. "Böyük dayaq", "Arşın mal alan", "Gün keçdi", "Arxadan vurulan zərbə", "İstintaq", "Dədə Qorqud", "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Bir cənub şəhərində", "Qəm pəncərəsi”, və s. filmlərdə aparıcı rollar oynayıb.

Teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycanın Dövlət mükafatları ilə təltif edilib.

Həsən Məmmədov 2003-cü il avqustun 26-da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR