“Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib

“Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib
# 26 aprel 2014 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş Beynəlxalq Əqli Mülkiyyət Günü 2001-ci ildən başlayaraq Azərbaycanda qeyd olunur. O deyib ki, bu günü elan etməklə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və yenilikçiliyin həvəsləndirilməsinə, əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır: “Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu il Əqli Mülkiyyət Gününü kino sənayesinin inkişafına yönəldib və “Dünya kinomatoqrafının kultu” devizi altında keçirilir. Amma 2014-cü il Azərbaycanda “Sənaye ili” elan olunduğundan bizim konfrans əqli mülkiyyətin sənayedəki roluna yönəlib”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qeyd edib ki, Azərbaycanda son illər xüsusilə fərqlənən iqtisadi inkişaf templər, sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolu artmaqdadır. Onun sözlərinə görə, iqtisadi tərəqqi naminə sənayenin effektivliyinin artması üçün yeni texnologiyalar, yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir: “Yeni texnologiya və ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə, bir sözlə insan kapitalına aid dəyərlərdir. Rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi Azərbaycana yeni texnologiyaların gətirilməsi ilə bərabər, yerli elmi texniki araşdırma mərkəzlərinin inkişaf etdirilməsində təkanverici amilə çevrilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR