Balakəndə 67 min sakinin tibbi müayinədən keçməsi nəzərdə tutulub

Balakəndə 67 min sakinin tibbi müayinədən keçməsi nəzərdə tutulub
# 22 fevral 2014 16:41 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 18 yaşdan yuxarı 67 min sakinin tibbi müayinədən keçməsi nəzərdə tutulub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkə başçısı İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən Balakən rayonunda da əhalinin tibbi müayinəsi keçirilir.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin APA-ya verdiyi məlumata görə, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılıb, müayinəyə cəlb olunacaq əhalinin sayı dəqiqləşdirilib. Aksiya çərçivəsində rayonun 18 yaşdan yuxarı 67 min sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Bu işə yüksək ixtisaslı, peşəkar həkim və orta tibb işçilərindən ibarət briqadalar cəlb olunublar.

Bundan əlavə, səyyar həkim briqadaları da yaradılıb. Həmin briqadalar əsasən hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərir. Həkim briqadalarına terapevt, oftalmoloq, ginekoloq, uroloq və digər ixtisaslar üzrə peşəkar həkim və tibb işçiləri daxil edilib.

H.Nuriyev bildirib ki, bu vaxta qədər 7 minə qədər əhali müayinədən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR