Azərbaycan parlamentinin vitse-spikeri: “ATƏT-in Minsk Qrupunun fəaliyyətində irəliləyiş sayılacaq hansısa addımların şahidi olmamışıq” - VİDEO

Azərbaycan parlamentinin vitse-spikeri: “ATƏT-in Minsk Qrupunun fəaliyyətində irəliləyiş sayılacaq hansısa addımların şahidi olmamışıq” - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 14:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Minsk Qrupunun 2013-cü ildəki fəaliyyətini qiymətləndirib.

APA-nın məlumatına görə, B.Muradova jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılmış addım hesab edilən nəticələrə əsasən qiymətləndirilməlidir.

Bu baxımdan o, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin Azərbaycanı narazı saldığını və qrupun fəaliyyətini həmişə tənqid etdiklərini söyləyib: “Ancaq ümumilikdə yanaşdıqda, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu il ərzində bölgəyə çoxsaylı səfərlər edib, görüşlər təşkil edib, işğal altındakı ərazilərin monitorinqini aparıblar, atəşkəs rejiminə necə əməl edilməsi ilə bağlı hesabatlarını təqdim ediblər. Bu baxımdan yanaşanda ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Amma çox təəssüf ki, bu fəaliyyətin konkret nəticələri danışıqlar prosesində öz əksini tapmayıb. İrəliləyiş hesab ediləcək hansısa addımların şahidi olmamışıq”.

Vitse-spiker bu il çoxdan dayandırılmış danışıqların prezidentlər arasında davam etdirilməsini müsbət dəyərləndirib: “Ancaq narazılığımız Ermənistan qoşunlarının ərazilərimizi tərk edənə qədər davam edəcək”.

B.Muradova ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi istiqamətində fikirlərin də hər zaman mövcud olduğunu qeyd edib: “Bu da təbiidir. Nəticə olmadıqca danışıqlar xatirinə danışıqlar keçirilir, vaxt uzanır, münaqişə dərinləşir, insanların ümidi daha da azalır. Ona görə də belə fikirlər səsləndirilir. Ancaq Minsk Qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır və Ermənistana da kifayət qədər ciddi təsir imkanları olan ölkələrdir. Həmsədr ölkələrin hazırkı format çərçivəsində fəaliyyətlərini genişləndirməsi və real nəticəyə nail olmaq istəklərini ortaya qoymalarını gözləmək, bu işi stimullaşdırmaq lazımdır. Bu ölkələrin dəyişdirilməsi, Minsk Qrupunun həmsədrliyinə digər ölkələrin daxil edilməsi barədə təkliflər prosesi yenidən sıfır nöqtəsinə qaytaracaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR