BMT QAK qasırğadan zərər çəkənlərə yardım göndərir

BMT QAK qasırğadan zərər çəkənlərə yardım göndərir
# 13 noyabr 2013 12:52 (UTC +04:00)

Bakı - APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu gün dağıdıcı “Hayyan” qasırğasının təsirinə məruz qalmış Flippinə təyyarə ilə təcili yardım göndərəcək.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, BMT QAK artıq özünün Kotabatodakı (Mindanao) anbarından tədarük işlərinə başlayıb.

Taklobana içərisində zəruri əşyaların - plastik təbəqələrin, ədyalların, ağcaqanad əleyhinə torların, sabun və alt paltarların olduğu 1.400 qoruyucu və gigiyenik dəstlər göndəriləcək. Bu gün Dubaydan uçacaq “Boeing-747” təyyarəsində 2500 çadırın göndərilməsi üçün də hazırlıq işləri görülməkdədir. Təyyarənin Sebu-Maktan beynəlxalq aeroportunda yerə enəcəyi gözlənilir. Daha sonra yardımlar qasırğanın təsirinə məruz qalmış ərazilərə aparılacaq, Filippin Sosial Təminat və İnkişaf Departamenti və digər tərəfdaşlar tərəfindən paylanacaq. Növbəti uçuşlar da planlaşdırılır. Bütövlükdə 16 min ailəyə təyyarə ilə fövqəladə yardım (o cümlədən çadırlar, plastik təbəqələr, ədyallar, palazlar, su konteynerləri və qab-qacaq) çatdırmaq planlaşdırılır. Bu fövqəladə tədbirlər üçün BMT QAK özünün Cenevrədəki operativ ehtiyatlarından 3 milyon dollar ayırıb və xilasetmə işlərinə yardım üçün üç ay ərzində ümumilikdə 10 milyon dollar ayırmağı nəzərdə tutur.

Qasırğadan xilas olmuşların iztirablarından əlavə, qasırğanın təsirinə məruz qalmış Filippinin bəzi ərazilərində soyğunçuluğun, yardımları aparan yük maşınlarına hücumların və həbsxanalardan qaçışların olduğu barədə məlumatlar var. Bu və digər həyati əhəmiyyətli müdafiə tələbatlarına yardım üçün BMT QAK dərhal əlavə fövqəladə yardım qrupunu ölkəyə göndərir. Qrupa öz işinə sadiq olan müdafiə ekspertləri daxildir. Koordinasiyalı müdafiə tədbirlərinin tərkib hissəsi qismində BMT QAK insanlara günəş enerjisi ilə işləyən 50 min çıraq paylayacaq. Bu, cinsi zəmində zorakılıq risklərini azaltmağa və evlərindən məhrum olmuş ailələrin müdafiəsini gücləndirməyə kömək edəcək.

Qaçqınlar üzrə Ali Komissar Antonio Qutyerres deyib ki, adətən BMT QAK-ın işinin diqqət mərkəzində münaqişə ilə əlaqədar situasiyalar olsa da, bu faciəli vəziyyətin müstəsna xarakteri ehtiyacı olan insanlara kömək etmək üçün hər cür səy göstərilməsini tələb edir. BMT QAK-ın Filippindəki nümayəndəsi Bernard Kerblat bildirib ki, tədarüklərini qasırğanın dağıtdığı zonalar üçün nəzərdə tutublar: “Şərqi Samar, Şimali Neqros və Masbate də daxil olmaqla artıq daxili münaqişələrin təsiri altında olan ərazilərdə yardıma güclü tələbatın olduğuna xüsusi diqqət yetirmişik. Bu, Sebuda BMT QAK-ın nümayəndələrinin olmasını və Roksasda logistika mərkəzinin təşkilini özündə ehtiva edə bilər”.

Ənənəvi olaraq BMT QAK Mindanaoda münaqişə səbəbindən köçkün düşmüş insanların problemləri ilə məşğul olur. Təşkilat bu ilin sentyabrında Zamboanqa və Basilandakı silahlı münaqişələr səbəbindən köçkün düşmüş 600 ailəyə qoruyucu və gigiyenik dəstlər paylayıb.

Qeyd edək ki, Filippində 9,8 milyon insan dağıdıcı “Hayyan” qasırğasının təsirinə məruz qalıb. BMT QAK noyabrın 11-də Filippinə yardım göndərəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR