Şahdağ Milli Parkı müraciət edən vətəndaşların sayına görə Şirvan Milli Parkını geridə qoyub

Şahdağ Milli Parkı müraciət edən vətəndaşların sayına görə Şirvan Milli Parkını geridə qoyub
# 12 iyul 2013 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son dövrlər milli parklara səfər etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edən vətəndaşların sayının artması müşahidə olunur. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təkcə 2011-2013-cü illərdə müxtəlif idman və turizm profilli qurumlar tərəfindən nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə onlarla müraciət daxil olub və qanunvericiliyə əməl etmək öhdəliyini üzərinə götürən bütün müraciətlərə baxılaraq müsbət cavablandırılıb. Departament bu gün də milli parklara turistlərin səfərlərini təşkil edən və ya yüksək dağlıq ərazilərə yürüşlər keçirən qurumlarla əməkdaşlıq edir.

Xüsusi qeyd edilməlidir ki, Şahdağ Milli Parkı son illər ən çox maraq doğuran milli parka çevrilib və bu baxımdan ənənəvi olaraq birinci olan Şirvan Milli Parkını geridə qoyub. Nəzərə alsaq ki, Şahdağ Milli Parkına giriş haqqı digər milli parklardan xeyli yüksəkdir, bu, Şahdağ Milli Parkının ekoloji turizm baxımından nə qədər inkişaf etdiyini göstərir. Milli parklara giriş üçün ödənilmiş vəsaitin də xeyli hissəsi elə Şahdağ Milli Parkının hesabında toplanıb. Ümumilikdə bu milli parka 2012-2013-cü illər ərzində 3182 vətəndaş daxil olub ki, bunlardan 172 nəfəri xarici ölkələrdən gələnlərdir. Parkın hesabına bu müddət ərzində 14170 manat vəsait daxil olub və hələlik bu məbləğ xərclənməyib. Ödənilmiş vəsaitin böyük hissəsi isə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən öz idmançılarının və xarici ölkələrdən gələn dağçı qonaqların müxtəlif zirvələrə qalxması üçün ödənilən giriş haqlarından ibarətdir və bu məbləğ 9180 manat təşkil edir. Qalan 4990 manat vəsait ayrı-ayrı müstəqil şəkildə parka daxil olan, dağçılığa maraq göstərən yerli və xarici vətəndaşlar, turizm və idman yönlü təşkilatlar tərəfindən ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR