Heydər Əliyev Mərkəzində “Küknar” beynəlxalq incəsənət sərgisi və müsabiqəsi keçiriləcək - FOTO

Heydər Əliyev Mərkəzində “Küknar” beynəlxalq incəsənət sərgisi və müsabiqəsi keçiriləcək - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 10:38 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Mərkəzi yeni layihəyə - “Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsinə start verib. Mərkəzdən APA-ya verilən məlumata görə, ilk dəfə həyata keçirilən bu layihə öz ideyası, unikallığı, maraqlı dizayn həlli ilə fərqlənir.

“Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il ağacları təqdim ediləcək.

Yeni il hər kəsin-uşaqların və böyüklərin ən çox sevdiyi, bütün il boyu gözlədiyi bayramlardan biridir. Bayram hazırlıqları-yeni il ərəfəsi tədbirlər, hədiyyələrin seçilməsi və s. şənliklərdən çox öncə başlayır. Dünyanın hər yerində dinindən, dilindən, mənsub olduğu mədəniyyətdən asılı olmayaraq, bütün insanların eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusuyla gözlədiyi bu bayram hər ölkədə müxtəlif adət-ənənələrlə qeyd edilir. Lakin önəmli olan odur ki, bu bayram özlüyündə hər kəsə xöşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyi hissi bəxş edir.

Yeni il bayramının rəmzi olan bəzədilmiş küknar ağacı isə həm də bu arzuların ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə olan arzular ətrafında birləşmənin əlamətidir.

Heydər Əliyev Mərkəzinin Yeni il ərəfəsində elan etdiyi “Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsi sənətsevərləri, rəssam və heykəltəraşları öz ətrafında birləşdirib.

On səkkiz tanınmış, eləcə də gənc heykəltəraş və rəssamın iştirak etdiyi layihədə Yeni il küknarını bu dəfə tam fərqli dizaynda, tam fərqli ideyanın məhsulu kimi görmək imkanı olacaq.

İki aya yaxın davam edən müsabiqədə rəssam və heykəltəraşların eskizləri əsasında hər biri 3 metrdən çox hündürlükdə olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.

Heydər Əliyev Mərkəzinin “Küknar” layihəsi ətrafında birləşən rəssamlar öz daxili aləmlərini, arzularını, sənət və həyata baxışlarını unikal əsərlərdə, bu əsərlərdəki rəmzi mənalarda təqdim edir.

Dekabrın 21-də Heydər Əliyev Mərkəzinin parkında eksklüziv dizaynda hazırlanan əsərlərin təqdimat mərasimi keçiriləcək. Tədbir zamanı 18 əsər nümayiş etdiriləcək, eyni zamanda mərasimə dəvətlilərin iştirakı ilə səsvermə olacaq.

Hər kəs 3 səsvermə vərəqindən istifadə edərək öz favoritini qalib edə bilər. Qaydalara əsasən, sərgilənən əsərlər nömrələnəcək. İzləyicilər onlara təqdim olunan səsvermə vərəqində üstünlük verdiyi əsərin nömrəsini qeyd edərək favoritini qalib edə bilər. Bir şəxs ona təqdim olunan 3 səsvermə vərəqində 3 eyni əsərin və ya müxtəlif əsərlərin nömrəsini qeyd etmək hüququna malikdir. Toplanan səslərə əsasən, mərasimin sonunda qalib əsər və 2-ci, 3-cü yerlərin sahibləri elan olunacaq.

Qaliblərə diplom və pul mükafatları təqdim ediləcək.

“Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsinin ilk iştirakçılarının əsərləri dekabr-mart ayları ərzində Heydər Əliyev Mərkəzinin parkında sərgilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR