Azərbaycan hökuməti FAO ilə yeni layihənin icrasına başlayır

Azərbaycan hökuməti FAO ilə yeni layihənin icrasına başlayır
# 15 iyun 2013 10:18 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Məlumat və Erkən Xəbərdarlıq Sisteminin Qiymət üzrə Milli Məlumat Bazası və Analiz Aləti layihəsi ilə bağlı müqavilə imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov, FAO tərəfindən Mərkəzi Asiya üzrə subregional koordinator Mustafa Sinaser imzalayıb.

Tədbirdə bildirilib ki, son dövrlər beynəlxalq ərzaq qiymətlərinin kəskin artımı bir çox inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin qalxmasına səbəb olmaqla zəif müdafiə olunan qruplar tərəfindən ərzaq məhsullarının istehlakına təsir edib. 2010-2011-ci illərdə ərzaq qiymətləri yenidən kəskin surətdə artaraq bir sıra əmtəələr üzrə rekord həddə çatıb. Keçmişdə dünya bazarlarında kəskin qiymət pikləri nisbətən az baş versə də, bu halın gələcəkdə dəyişə biləcəyi istisna deyil.


Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələr əhalinin çoxsaylı zəif təbəqələri tərəfindən ərzağın əldə olunması imkanlarına, eləcə də fermerlərin istehsal qərarlarına təsir göstərən ərzaq qiymətlərinin monitorinqinə xüsusi diqqət yetirməyə başlayıblar. Bu ölkələrin ərzaq məhsullarının idxalından müxtəlif dərəcədə asılılığını nəzərə alaraq, ərzaq siyasəti ilə bağlı qərarların vaxtında qəbul edilməsi üçün ərzaq qiymətləri üzrə yenilənmiş məlumatların və analizin vacib əhəmiyyəti var. FAO-nun Ərzaq Qiymətlərinin Kəskin Artımı üzrə Təşəbbüsü çərçivəsində ərzaq qiymətlərinə dair onlayn məlumatlar və analiz aləti işlənib hazırlanıb. Bir il müddətində Azərbaycan, Qırğızıstan və Tacikistanda həyata keçiriləcək bu layihənin məqsədi siyasət tədbirlərinin qəbul edilməsində milli hökumətlərə və inkişaf prosesinin digər iştirakçılarına dəstək göstərmək üçün ərzaq qiymətlərinə dair milli məlumatlar bazasının və analitik alətin işlənib hazırlanması, qiymət alətinin və ondan bazarın və ərzaq təhlükəsizliyinin analizi üçün istifadə sahəsində milli potensialın artırılmasından ibarətdir.


İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.


Qeyd olunub ki, 1995-ci ildən 2012-ci ilə qədər Azərbaycanda FAO tərəfindən 23 layihə həyata keçirilib. Hazırda FAO tərəfindən 4 milli və 8 regional layihə həyata keçirilir. Layihələr əsasən ölkədə toxumçuluq sisteminin gücləndirilməsi, bitki zərərvericilərinə və heyvan xəstəliklərinə qarşı nəzarətin yaxşılaşdırılması, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində informasiya sisteminin gücləndirilməsi, bitki və heyvan genetik ehtiyatlarının qorunması, üzvi və resurs mühafizəedici kənd təsərrüfatı və digər sahələrin inkişaf etdirilməsinə yardım edir.

Tədbirdə nazir İsmət Abasovun FAO-nun Avropa üzrə Regional Konfransının sədri qismində 15-22 iyun tarixlərində Roma şəhərində keçiriləcək FAO-nun Konfransında iştirakı, konfrans zamanı müzakirə olunacaq mühüm məsələlər və qəbul olunacaq qərarlar barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR