Elman Abdullayev Misirin aparıcı KİV-ləri ilə görüş keçirib

Elman Abdullayev Misirin aparıcı KİV-ləri ilə görüş keçirib
# 18 may 2013 20:38 (UTC +04:00)

Bakı-APA. Misirə səfər çərçivəsində Xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirin aparıcı kütləvi informasiya vasitələri olan “Yaxın Şərq” informasiya agentliyi, “Əl-Əhram”, “Youm7”, “Dustur”, “Təhrir” qəzetləri və “Əl-Əhram Əl-Ərəbi” jurnalının nümayəndələri ilə görüş keçirib və geniş mətbuat brifinqi verib.

Xarici işlər nazirliyindən APA-ya verilən xəbərə görə, E.Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə dair Azərbaycanın baxışları, Ermənistanın regionda yürütdüyü qeyri-konstruktiv mövqeyi və bu cür siyasətin nəticəsində regionda özünü təcrid vəziyyətinə salmasını qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətində səylərinin artırmasının vacibliyini vurğulayıb.

Ölkəmizin siyasi-iqtisadi inkişafı barəsində danışan E.Abdullayev Azərbaycanın region və onun hüdudlarından kənarda bir sıra mühüm əməkdaşlıq mexanizmlərinin təşəbbüskarı və aparıcı qüvvəsi olduğunu və regional enerji və nəqliyyat dəhlizinin mərkəzi məntəqəsinə çevrildiyini qeyd edərək, 2013-cü ildə işə düşəcək Bakı-Tiflis-Qars dəmir-yolunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən bəhs edən E.Abdullayev Azərbaycanın ərəb dünyasının ən ağrılı problemi olan Fələstin məsələsində qətiyyətli mövqe nümayiş etdirdiyini qeyd edərək, bunun bariz nümunəsi kimi bu ilin iyun ayında İslam əməkdaşlıq təşkilatı ilə birlikdə Bakıda donor konfransın keçiriləcəyi haqqında məlumat verib.

Görüş əsnasında E.Abdullayev Azərbaycan ilə Misir arasında əlaqələrin inkişafı, Azərbaycanın regionda və Misirdə gedən proseslərə baxışları və qonşu dövlətlərlə əlaqələri mövzusunda çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Misirə səfər çərçivəsində E.Abdullayev Qahirə Amerika universiteti və Qahirə universitetində fəaliyyətə başlayan “Azərbaycan tədris proqramı”nda mühazirələr təqdim edib, Əl-Əhram siyasi və strateji araşdırmalar mərkəzi və Misir hökuməti yanında qərarların qəbul edilməsi və informasiya təminatı üzrə strateji mərkəzdə çıxışlar edib və Misirin və regionun aparıcı televiziya kanallarından olan “Nile İnternational”a canlı müsahibə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR