Bakıda Daxili Qoşunların zabit və gizirləri üçün tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib

Bakıda Daxili Qoşunların zabit və gizirləri üçün tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib
# 28 may 2014 13:21 (UTC +04:00)

Bakı-APA. 28 May Respublika Günü ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Sonra general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri, bunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, hərbi qulluqçular adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, inşasına 2011-ci ilin oktyabr ayında başlanmış 12 mərtəbəli yeni kompleksin uşaq bağçası da daxil olmaqla, ümumi sahəsi 9500 kvadratmetrdir. Binada ümumilikdə 102 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.

Daha sonra daxili işlər naziri Ramil Usubov çıxış edərək tədbir iştirakçılarına ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb, yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik edib.

Nazir kompleksin rəmzi açılışını bildirən lenti kəsib, buradakı uşaq bağçasında körpələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, eyni zamanda, hərbi qulluqçulara verilən mənzillərə baxıb.

Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR