Gəncə, Cəlilabad və Şəkidə yanğın hadisələri baş verib

Gəncə, Cəlilabad və Şəkidə yanğın hadisələri baş verib
# 02 dekabr 2013 07:16 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 01.20 radələrində şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 57 yaşlı Rahilə Süleymanovaya məxsus iki mərtəbəli evin ikinci mərtəbəsi yanaraq yararsız hala düşüb. Yanğını söndürmək üçün əraziyə 6 yanğınsöndürən maşın cəlb edilib. Məlumata görə, sahəsi 216 kvadratmetr olan iki mərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin tavan hissəsi və bir otaq içərisində olan əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Cəlilabad rayonunda da yanğın hadisəsi baş verib. FHN-in Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 2-də səhər saat 05.00 radələrində şəhərin Dədə Qorqud küçəsi, 4 ünvanında, 1941-ci il təvəllüdlü Sahib İsparova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılmaqla onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 110 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Başqa bir yanğın hadisəsi isə Şəki rayonunda baş verib. FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Şəki rayonu Baş Zəyzit kəndində İsmayılov Telman Sabir oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 72 kvadratmetr olan tövlədə qeydə alınıb. Yanğın nəticəsində tikili və çardaqda yığılmış 3,5 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Tövlədə bağlı vəziyyətdə olan bir baş iribuynuzlu heyvan tüstüdən boğularaq ölüb. 4 baş iribuynuzlu mal-qara isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğının daha da genişlənərək qonşu tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR