Korrupsiyada ittiham olunan nazirlik əməkdaşlarının məhkəməsi martın 14-də başlayacaq

Korrupsiyada ittiham olunan nazirlik əməkdaşlarının məhkəməsi martın 14-də başlayacaq
# 06 mart 2013 14:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 14-də keçiriləcək. APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası isə martın 14-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədovun Bakı şəhər sakinindən ünvanlı sosial yardım təyin edilməsi üçün 200 manat məbləğində pulu rüşvət kimi alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, rayon ƏSMM-nin direktoru Rəhman Yusifov 2008-2012-ci illər ərzində mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun əməkdaşları Şahin Əsədov, Mirabdulla Seyidov, Pərviz Rəhimov və Rəşad Əbilov ilə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə yaradaraq ünvanlı dövlət sosial yardım təyin edilməsi müqabilində mərkəzə müraciət etmiş 174 rayon sakinindən xidməti vəzifələrinin icrası ilə əlaqədar 193 min 354 manat məbləğində külli miqdarda pulu rüşvət kimi tələb edərək 187 min 208 manat pul alıb. Bundan başqa öz cinayətkar əməllərini davam etdirən dəstə üzvlərindən Şahin Əsədov, Mirabdulla Seyidov və Pərviz Rəhimov hər biri ayrı-ayrılıqda ünvanlı sosial yardım ayrılmış vətəndaşların etibarından sui-istifadə edib aldatma yolu ilə onların plastik kartlarını ələ keçirərək bankomatlardan ümumilikdə 69 min 729 manat pulu çıxarıb külli miqdarda özgə əmlakını ələ keçirərək mənimsəyib. Həmçinin mərkəzin baş mühasibi Gülarə Əhmədova plastik ödəniş kartlarının vətəndaşlara təqdim edilməsini təsdiq edən vərəqələri banka təhvil verilməsi barədə aktlara bilə-bilə yalan məlumatlar daxil edib imzalamaqla vəzifə saxtakarlığı və mütəşəkkil dəstənin dələduzluq və mənimsəmə cinayətləri törətmələrinə şərait yaradıb vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurub. Mərkəzinin direktor müavini və ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Vüsal Rzayev isə mərkəzin əməkdaşlarına aztəminatlı ailələrə ayrılmış pul vəsaitlərini dələduzluq və mənimsəmə yolu ilə talamalarına şərait yaradaraq vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla səhlənkarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR