Azərbaycanda 10 mindən çox dövlət qulluqçusu qiymətləndirmədən keçib

Azərbaycanda 10 mindən çox dövlət qulluqçusu qiymətləndirmədən keçib
# 23 iyun 2016 13:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2015-ci ildə Azərbaycanda 10 711 dövlət qulluqçusu qiymətləndirmədən keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli “Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib ki, qiymətləndirmədən keçən dövlət qulluqçularından 1596-sı əla, 6971-i yaxşı, 2080—i qənaətbəxş, 64-ü isə qeyri–qənaətbəxş nəticə göstərib. Onun sözlərinə görə, əla qiymət alanlardan 108-i yuxarı vəzifələrə təyin ediliblər.

“748 nəfər barədə həvəsləndirmə tədbirləri görülüb, 208 nəfəri isə ehtiyat kadrlara daxil olub. Qiymətləndirmədən uğurla keçən 496 nəfər haqqında isə heç bir tədbir görülməyib. Bu da bəzi vəzifələrdə rotasiya tədbirlərinin görülməsi ilə izah edilib. Qeyri-qənaətbəxş nəticə göstərənlər isə ixtisaslarının artırılması, onların çatışmayan cəhətlərinin formalaşdırılması, yeniləşdirilməsi, müasir tələblərə cavab verməsi üçün yenidən ixtisasartırma kurslarına cəlb edilməlidir, - deyə R.Rəhimli əlavə edib.

Şöbə müdiri vurğulayıb ki, qiymətləndirmənin nəticələrinə uyğun olaraq dövlət qulluqçularının təkmilləşdirilməli olacağı bacarıqlar da müəyyənləşib. Onun sözlərinə görə, bunlara xidməti fəaliyyətin qiymətləndirilməsi, norma yaradıcılığı, etik davranış qaydaları daxildir. Dövlət idarəçilik sistemində tam hazırlıqlı güclü kadrların olduğunu deyən R.Rəhimli vurğulayıb ki, bununla yanaşı, kadrların təkmilləşdirilməsi ilə əlaqədar dövlət proqramları və müəyyən strategiyanın hazırlanmasına ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR