“Formula 1” yarışına 3500-dən artıq tələbə-könüllü cəlb olunub

“Formula 1” yarışına 3500-dən artıq tələbə-könüllü cəlb olunub
# 23 iyun 2016 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tələbə-könüllülər arasında “Formula 1” Avropa Qran Prisi haqqında təbliğat aparmaq məqsədilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən fevral-mart aylarında ali təhsil müəssisələrində keçirilmiş təqdimatlar zamanı 11 000 tələbə məlumatlandırılıb. Nəticədə, könüllü olmaq hüququ qazanmış tələbələr üç günlük yarış zamanı müxtəlif vəzifələrdə çalışaraq, “Formula 1”in təşkilində beynəlxalq təcrübə qazanıb, oyunun qaydalarını öyrənib, xarici mütəxəssislərlə bir komandada işləyiblər.

Qeyd edək ki, martın 7-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu imzalayan gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov “Formula 1” Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR