Azərbaycanda 204 mindən çox şəkərli diabet xəstəsi var

Azərbaycanda 204 mindən çox şəkərli diabet xəstəsi var
# 22 iyun 2016 10:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Respublika Endokrinoloji Mərkəzində 204 mindən artıq şəkərli diabet xəstəsi qeydiyyatdadır.

APA-nın xəbərinə görə, bunu mərkəzin direktoru Yusif İsmiyev deyib. O bildirib ki, xəstələrin 62 mini Bakıda yaşayanlardır.

Y. İsmiyev qeyd edib ki, şəkərli diabet xəstəliyinə tutulma halları hər il təxminən 15 faiz artır: “Bu artım Azərbaycanda da müşahidə olunur. Xəstələrin sayı artırsa, deməli, insulin pompasından istifadə edənlərin sayı da artır. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Adi qrip xəstəliyi keçirən insan onun fəsadlarından biri kimi şəkər xəstəliyinə tutula bilər. Valideynlərindən hər ikisi şəkərli diabet olan uşaqlarda bu xəstəliyə tutulma riski 50%, valideynlərdən birində bu xəstəlik varsa, o zaman xəstəliyə tutulma riski 20-30% olur".

Y. İsmiyevin sözlərinə görə, qeydiyyatda olan 524 uşağın 90 nəfərinə Heydər Əliyev Fondunun köməkliyi ilə pompa qoyulub və digərlərində də hissə-hissə bu proses həyata keçiriləcək: “Yaş qruplarına gəlincə, uşaqlar arasında 1 yaşında olan şəkərli diabet xəstəmiz də var. Artıq şəkərli diabet yaş baxımından qiymətləndirilə bilməz. Adətən bu xəstəlik yaşlılarda daha çox müşahidə olunurdu. İndi isə xəstəlikdə “cavanlaşma” gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR