Deputat: “İcbari tibbi sığortanın bütün ölkəni əhatə etməsi üçün zamana ehtiyac var”

Deputat: “İcbari tibbi sığortanın bütün ölkəni əhatə etməsi üçün zamana ehtiyac var”
# 07 iyun 2016 14:40 (UTC +04:00)




Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi istiqamətində ciddi işlər görülür”.

APA-nın xəbərinə görə, bunu millət vəkili Rəşad Mahmudov deyib. Deputat bildirib ki, hazırda bununla bağlı qanunvericilik bazasında - Milli Məclisin Səhiyyə komitəsində işlər davam edir. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi, Səhiyyə Nazirliyi və Milli Məclisin Səhiyyə komitəsi tərəfindən vaxtaşırı bu yöndə işlərə başlanılması və gələcəkdə inkişafı üçün lazımi addımlar atılır. R.Mahmudov əlavə edib ki, icbari tibbi sığortanın bütün ölkə əhalisini təmin etməsi üçün zamana ehtiyac var: “Dünyada bu təcrübəni keçən bütün ölkələrdə proses pilot layihələr vasitəsilə başlayır. Hazırda pilot layihələrin formatı ilə bağlı ciddi müzakirələr aparılır. Bu işlərin həm sistemli şəkildə həyata keçirilməsi, həm də Səhiyyə Nazirliyinin gördüyü işlərə mane olmadan daha da keyfiyyətli şəkildə tətbiqi üçün pilot layihənin hazırlanması çox vacibdir. Bu layihə ilə əlaqədar bir neçə təkliflər var. Bu təkliflərdən biri hər hansı bir regiondan 1-2 rayonun seçilərək orada icbari tibbi sığortanın tətbiqi və sonradan bütün ölkə ərazisinə yayılmasıdır. Digər layihə isə ölkədə xüsusilə yüksək texnologiyalara ehtiyacı olan sahələrin seçilməsi və pilot layihənin bütün ölkə vətəndaşları üçün təqdim olunmasıdır. İnanıram ki, İcbari Tibbi Sığorta Agentliyi və dövlət rəhbərliyi bununla bağlı son qərarını verdikdən yaxın gələcəkdə nəticələrin şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR