Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib

Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib
# 11 dekabr 2014 08:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib.

Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Proveranın və Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlinin moderatorluğu ilə keçən konfransda F. Provera çıxış edərək Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbir müvafiq istiqamətdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradacaq.

İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta isə konfransın aktual bir mövzunu əhatə etdiyini vurğulayıb. O bildirib ki, tolerantlıq və multikulturalizm Avropa regionu üçün vacib mövzudur: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşmaların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.

Romanın baş ravvini Rikkardo Di Senyi isə qeyd edib ki, bu tədbir yaşadığımız dövrdə baş verən ekstremizm hallarına, dini zəmində toqquşmalara və bir çox digər mənfi proseslərə ümumi cavabımızdır. O, bütün dini icmalar üçün çox önəmli olan belə bir mövzuda konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Öz növbəsində Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, konfransın mövzusu təsadüfi seçilməyib: “Biz İslam ənənəli dövlətlərdə dini birgəyaşayış sahəsində ölkəmizin təcrübəsini italiyalı tərəfdaşlarımızla bölüşmək istəyirik. Tədbirin formatı düzgün seçilib: həm siyasətçilərin, həm dini icma nümayəndələrinin, həm də dini ekspertlərin müvafiq mövzunu müzakirə etmələri yaxşı nəticələr verə bilər”.

Sonra konfrans işini sessiyalarla davam etdirib.

“İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam ölkələrində dünyəviləşmə anlayışının tarixindən və Azərbaycanda həyata keçirilən din siyasətindən danışıb.

“İslam ənənəli dövlətlərdə dini birgəyaşayışın hazırkı vəziyyəti: Azərbaycan nümunəsi” mövzusunda sessiyada isə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” mövzusunda çıxış edib. K. Abdulla diqqətə çatdırıb ki, Azərbaycanda dünya ölkələrinin tətbiq edə biləcəyi yüksək multikulturalizm təcrübəsi formalaşıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Katolik kilsəsi rəhbərinin müavini Stefan Kormançik müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə “Qax: Kürmük oba bayramı” və “Quba rayonunun “Krasnaya Sloboda” qəsəbəsi” adlı sənədli filmlər nümayiş olunub.

Son sessiyada “Dini birgəyaşayış – bütün dünyanın qarşısında duran məsələ. Nümunələr, problemlər və təzadlar” mövzusunda müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR