Dövlət müşaviri: "Azərbaycan həqiqətlərini dünyaya multikulturalizm vasitəsi ilə təqdim edirik"

Dövlət müşaviri: "Azərbaycan həqiqətlərini dünyaya multikulturalizm vasitəsi ilə təqdim edirik"
# 18 may 2015 14:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm: Gələcək vəd edən həqiqətlər” tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, xalq rəssamı Tahir Salahov, İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyci, UNESCO-nun sabiq baş direktoru Koiçiro Matsuura və başqaları iştirak ediblər.

K. Abdullayevin moderatorluğu ilə keçən seminarda Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən, dünyanın müxtəlif universitetlərində Azərbaycanın bu sahədə təcrübəsinin tədrisindən danışılıb.

K. Abdullayev qeyd edib ki, ölkə prezidenti tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə atılan vacib və əhəmiyyətli addımlardan biri olub. Dövlət müşaviri Azərbaycandakı multikulturalizm sahəsində görülən işlərdən danışarkən mərkəzin təşkilatçılığı ilə dünyanın bir neçə universitetində tədris edilən “Azərbaycan multikulturalizmi” fənnindən bəhs edib: “Biz Azərbaycanın həqiqətlərini, niyyətini dünyaya multikulturalizm vasitəsi ilə təqdim edirik. “Azərbaycan multikulturalizmi” fənnini yeni universitetlərdə tədris etməyi planlaşdırırıq. Bu onu göstərir ki, dünyanın müxtəlif ölkələrinin, universitetlərinin Azərbaycan multikulturalizminə böyük marağı və diqqəti var. Mərkəz Azərbaycanın tarixi, Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlərlə bağlı konfranslar keçirir. Azərbaycanda dinlərarası və mədəniyyətlərarası münasibətlər bu gün ən yüksək səviyyədə tənzimlənib və inkişaf edir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov isə qeyd edib ki, Azərbaycan multikulturalizmi haqqında yeni jurnalın, kitabların və milli azlıqların folklor antologiyasının çapı planlaşdırılır.

Seminarda xalq rəssamı T. Salahov, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyci, UNESCO-nun sabiq baş direktoru K. Matsuura, xalq artisti Firəngiz Əlizadə forumun əhəmiyyətindən danışıblar, Azərbaycanda dinlər və mədəniyyətlər arasında olan mövcud münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar.

Seminarda mərkəzin aparat rəhbəri Aynur Bəşirli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin illik hesabatını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR