"Türk Hava Yolları" İstanbula press-tur təşkil edib

"Türk Hava Yolları" İstanbula press-tur təşkil edib
# 07 iyun 2016 16:01 (UTC +04:00)

İstanbul. Vüsal Nəbiyev - APA-Economics. “Türk Hava Yolları” (THY) media nümayəndələri üçün Türkiyəyə iki günlük səfər təşkil edib.

APA-Economics” xəbər verir ki, press-turun ilk günündə jurnalistləri qəbul edən THY-nin satış müdiri Ziya Taşkent dünyada aviasiyanın inkişafından və aviaşirkətin buradakı payından danışıb. Z. Taşkent 40 mindən çox insanın çalışdığı bu şirkətin dünyanın ən yaxşı hava yolu şirkəti olmaq məqsədilə hər gün daha səylə çalışdığını, hər zaman fərqli və yeni xidməti sahəsində bu hədəfə doğru daha sürətlə irəlilədiklərini qeyd edib.

Şirkət rəsmisinin sözlərinə görə, Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış konsaltinq şirkəti "Skytrax" ötən 4 ildə olduğu kimi 2015-ci ildə də THY-ni ötən ilin “Avropanın ən yaxşı hava yolu şirkəti” elan edib. Bundan başqa, şirkət zamanla “Ən yaxşı biznes klass sərnişin salonu”, “Ən yaxşı biznes klass sərnişin yeməyi” nominasiyalarına da layiq görülüb.

Bu gün THY-nın ÜDM-də payının 5,9% olduğunu bildirən satış müdirinin sözlərinə görə, 20 ildən sonra isə şirkətin ÜDM-də payının 7% təşkil edəcək.

“Şirkətimiz son 10 il ərzində həm sərnişindaşımada, həm də yükdaşımada digər aviaşirkətlərə nisbətən daha sürətlə böyüyüb. Təkcə sərnişindaşımada ötən il 61,2 milyon. (35 mln. xarici, 26 mln. daxili reys) nəfərə xidmət göstərdik. Bu il isə bu hədəf 72,4 milyondur (41,8 mln. xarici, 30,6 mln. daxili reys). Ümumilikdə son 15 il ərzində sərnişindaşımada payımız 6%-dən, 21%-ə qalxıb”, - deyə Z.Taşkend vurğulayıb.

Şirkət rəsmisinin sözlərinə görə, THY-nın Afrika qitəsinə uçuş məntəqələrinin sayı da durmadan artır. Z.Taşkend əlavə edib ki, 115 ölkəyə uçuş həyata keçirən şirkətin uçuş məntəqələrinin sayı 292-yə çatıb: “Beləliklə xarici ölkəyə uçuş sayına və 292 uçuş nöqtələrindən 241-nin xarici olması ilə əlaqədar “Türk Hava Yolları” dünyada birincidir”.

Son olaraq, Z.Taşkend Türkiyədə yeni hava limanı istifadəyə veriləndən sonra “Atatürk” hava limanın fəaliyyətinin məhdudlaşdırılacağı, çox güman ki, yalnız yükdaşımalarda istifadə olunacağını qeyd edib.

Daha sonra mətbuat işçiləri “DO & CO” restoran və katerinq şirkətində olublar. Baş ofisi Vyanada (Avstriya) yerləşən şirkət 1981-ci ildə türk iş icraçısı Atilla Doğudan tərəfindən yaradılıb. 2007-ci ildən etibarən isə “Türk Hava Yolları” ilə birlikdə “THY DO & CO İkram Hizmetleri” A.Ş. adı altında şirkət quraraq THY-nin uçuşları zamanı həm biznes, həm də ekonom klass sərnişinlərə xidmət göstərməyə başlayıb.

Şirkət nümayəndəsi təqdimat zamanı bildirib ki, “DO & CO” nəinki təyyarə qatar, hotel, iri şirkətlərin qida ilə təchiz olunmasında da fəaliyyət göstərir. Təyyarələrdə sərnişinlərə təqdim olunan qidaların hazırlanması ilə əyani tanış olan jurnalistlərə yemək çeşidləri, paketlənməsi, təyyarələrə göndərilməsi və s. göstərilib.

Bundan sonra, THY-nin pilotlarının uçuş təlimləri, xidmət personalının hazırlıqları ilə tanış olmaq üçün mətbuat nümayəndələri “Türk Hava Yolları”nın Uçuş Təhsil Mərkəzində olublar. Burada pilotların THY simulyatorlardan keçdiyi hazırlıqlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hər bir pilot müəyyən müddətdən sonra buradakı təlimdən mütləq keçməlidir. Təlimi müvəffəqiyyətlə bitirməyən pilotların yenidən təyyarə sürməsinə icazə verilmir.

Burada təkcə THY təyyarə personalına daxil olan pilotlara deyil, həmçinin digər heyətə də təlimlər keçirilir. Belə ki, təyyarə qəzaya düşdüyü zaman, fövqəladə vəziyyətdə sərnişinlərə necə yardım göstərilməli, qəza anında xilasetmə tədbirləri və s. keçirilən təlimlərin əsas hissəsidir.

Türkiyə həm də böyük turizm potensialına malik olan, turizm sektorundan ciddi mənfəətlər əldə edən və turizm imkanlarına görə dünyada ün salmış ölkələrdəndir. Qardaş ölkəyə həm yerli, həm də xarici turistlərin səfər sayı qarşıdan gələn yay ayları ilə əlaqədar durmadan artmaqdadır. Bunları nəzərə alaraq jurnalistlər Türkiyənin məşhur turizm bölgəsində də olublar.

Qərblə Şərq mədəniyyətinin qovşağında yerləşən İstanbul şəhərinin “gözü olan” “Sultan Ahmet” və “Aya Sofya” məscidləri gəzintinin ilk dayanacağı olub.

İlk öncə məşhur “Topqapı” sarayında olan media nümayəndələrinə Osmanlı imperiyasının silinməz tarixi ənənələri, sultanların yaşam tərzi, imperiya zamanında baş vermiş müharibələrin xronoloji ardıcıllığı, İslam dinin ölkənin gündəlik həyatında rol oynadığı xüsuslar ətraflı şəkildə izah olunub. Mətbuat işçilərinin daha çox marağına səbəb olan isə Osmanlı imperiyasının 3 qitəyə yayıldığı dövrlərdə sultanlara göndərilən hədiyyələr, “Topqapı” sarayında qorunan, müsəlmanlar üçün müqəddəs sayılan tarixi əşyalar və s. olub.

Bozfor boğazında gəmi gəzintisi, İstanbulun Avropa “yaxası” ilə Asiya “yaxasının” özünəməxsus əsrarəngiz gözəllikləri ilə tanışlıq isə səfər iştirakçılarının yaddaşından hələ uzun müddət silinməyəcək.

Diqqətdən yayınmayan digər məsələ isə İstanbula olan çoxsaylı turist axını idi. Uzaq Malayziyadan tutmuş, İngiltərəyə kimi fərqli ölkələrdən olan turistlər bələdçilərin onlara danışdığı Osmanlı tarixinə böyük heyranlıqla qulaq asır, ölkənin şanlı tarixi haqqında bu eşitdiklərinin təsirindən doğan üz ifadəsini isə sezməmək mümkün deyildi.

Son olaraq, günün sonunda isə media nümayəndələrinə biznes klass sinfi üzrə aviabiletlər təqdim edildiyindən təyyarənin uçuş zamanını gözləmək üçün “Turkish Airlines Lounge Istanbul”da zaman keçiriblər.

Atatürk hava limanı ölkə xarici səfərlər terminalında sərnişinlərə xidmət göstərən “Lounge Istanbul” iki mərtəbəli və 5 900 kvadratmetr salona malik, eyni zamanda 1030 insana xidmət göstərən bir məkandır ki, burada sərnişinlərin uçuş saatlarına qədər qalan zamanı əla keçirməsi üçün hər bir şərait yaradılıb. Uçuş öncəsi gözləmə müddətini daha yaddaqalan edən bu məkanda sərnişinlərin boş vaxtlarını səmərəli keçirmələri üçün məscid, kitabxana, kino zalı, hamam, bilyard salonu, zəngin mətbəx çeşidləri, konfrans salonu, uşaq otağı və s. fəaliyyət göstərir.

“Turkish Airlines Lounge Istanbul”da çalışanlar, hətta sərnişinlərin burada olan əyləncə vasitələrinə həddindən çox aludə olduqları üçün təyyarə səfərinə gecikdiklərini də bildiriblər.

Qeyd edim ki, “Turkish Airlines Lounge Istanbul”da sərnişinlərə həm dünya, həm də Türkiyənin ləziz təamlarını dünyaca məşhur “Turkish DO&CO” şirkəti təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR