Bakıda “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar” mövzusunda konfrans keçirilib

Bakıda “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar” mövzusunda konfrans keçirilib
# 16 mart 2015 09:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda bələdiyyə üzvü olan qadınların fəaliyyətini dəstəkləmək məqsədilə “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə təşkil olunub.

Konfransı giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova açıb. O, ötən il keçirilən seçkilərdə bələdiyyə üzvü olan qadınların sayının artdığını bildirib: “2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% və 2009-cu ildəki seçkilərdə 26,5% təşkil edirdisə, 2014-cü ildə keçirilən seçkilərdə bələdiyyə üzvü olan qadınların sayı artaraq 34,9%-ə çatıb”.

S.Qəhrəmanova çıxışında son bələdiyyə seçkilərində qadın bələdiyyə sədrlərinin artdığını da qeyd edib: “Ümumiyyətlə, qadınların idarəetmədə irəli çəkilməsində yerli icra hakimiyyəti orqanları fəal rol oynamalıdırlar. Bu gün Azərbaycanda uşaq bağçalarının inşası ilə bağlı Dövlət Proqramı var. Həmçinin özəl bağçalar da inşa edilir. Eyni zamanda hesab edirəm ki, bələdiyyələr tərəfindən bağçaların tikintisi məsələsinə baxıla bilər. Əgər qadın işə gedirsə, uşaqlarından arxayın olmalıdır. Qafqaz Universitetində qadın müəllimlərin övladları üçün uşaq otaqları yaradılıb. Bu presedent təqdirəlayiqdir”.

Tədbirdə çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) “Yerli Özünüidarəetmə” proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe konfransın əhəmiyyətini qeyd edib: “Mən çox sevinirəm ki, ötən il keçirilmiş bələdiyyə seçkilərində qadın üzvlərin sayı artıb. Bugünkü konfransda çoxlu cavan xanımları görürəm. Mənim üçün çox maraqlıdır ki, siz qarşınıza hansı məqsədləri qoyubsunuz. Biz sizin bələdiyyələrdə gördüyünüz işlər, qazandığınız uğurların mübadiləsində maraqlıyıq. Biz həmçinin yaranmış spesifik problemləri də öyrənmək istərdik”.

Konfransda Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, bələdiyyə üzvü olan qadınlar iştirak ediblər. Həmçinin konfransda bələdiyyə üzvü olan qadınlarla liderlik bacarıqlarının gücləndirilməsi mövzusunda strategiyaların müzakirəsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR