"AzPatent" Türk Patent İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

"AzPatent" Türk Patent İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
# 21 iyun 2016 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə ölkəmizdə cari ilin 21 iyun tarixində “Universitetlər və tədqiqat institutlarında Əqli Mülkiyyət siyasətləri” mövzusunda 2 günlük subregional seminar öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov cari iqtisadi proseslərin Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırdığını bildirib. Onun sözlərinə görə, bu müstəvidə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yenilikləri əsas amillər kimi qiymətləndirən aparat rəhbərinin müavini Azərbaycan elminin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyinin artdığını xüsusi vurğulayıb. N. Rəhimov bugünkü seminarın əsas məqsədinin məhz təhsil və elmi araşdırma mərkəzlərində əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarə olunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət etdiyini bildirib.

ÜƏMT-nin İqtisadiyyatı keçid dövründə olan ölkələr və inkişaf etmiş ölkələr şöbəsinin direktoru Mixal Svantner Azərbaycanda patent sisteminin inkişafı istiqamətində aparılan institusional və qanunvericilik islahatların fəaliyyətin təkmilləşdirilməsi mexanizmlərinin tətbiqinin beynəlxalq standartlar əsasında qurulduğunu və bu islahatların ÜƏMT tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirildiyini və Azərbaycanın bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını qeyd edib. O, qurulmuş əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Türk Patent İnstitutunun prezidenti Habip Asan da patent sahəsində iki qardaş ölkə arasında qurulmuş əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.

Sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi ("AzPatent") ilə Türk Patent İnstitutu ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumda əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçılara sənaye mülkiyyəti xidmətlərinin göstərilməsində, əqli mülkiyyətlə bağlı maarifləndirmə fəaliyyəti sahəsində bilik və təcrübə mübadiləsi, həmçinin əqli mülkiyyət sahəsində təhsilin təmin edilməsində ən yaxşı praktika, dərc olunmuş sənaye mülkiyyəti məlumatlarının, xüsusilə patent məlumatlarının elektron mübadiləsi sahələri üzrə əməkdaşlıq öz əksini tapır.

Seminarda “Azərbaycan universitetlərində və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət sahədə siyasətə dair” , “İqtisadiyyatı inkişaf etməkdə olan Ölkələrdə ÜƏMT-nin potensialın gücləndirilməsi fəaliyyətləri”, “Azərbaycanda Əqli Mülkiyyət sahəsində təlimlərin cari vəziyyəti” mövzularında məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR