Azərbaycan XİN başçısının müavini: “Xəzəryanı ölkələr dənizdə müdafiənin təşkili zamanı diqqətli olmalı, balanslı silahlanmaya əsaslanmalıdır”

Azərbaycan XİN başçısının müavini: “Xəzəryanı ölkələr dənizdə müdafiənin təşkili zamanı diqqətli olmalı, balanslı silahlanmaya əsaslanmalıdır”
# 30 sentyabr 2014 15:25 (UTC +04:00)

APA - nın verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclasda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərindən ibarət işçi qrup tərəfindən Həştərxanda qəbul olunmuş birgə bəyanat və sazişlər ətrafında müzakirələr aparılacaq, dövlət başçıları tərəfindən müəyyən olunmuş fundamental prinsiplər əsasında Xəzərin statusu ilə bağlı Konvensiyanın layihəsi hazırlanacaq.

Xəzər dənizində hərbi fəaliyyətin daim aktual məsələ kimi müzakirə olunduğunu deyən nazir müavini qeyd edib ki, sabit silah balansının təmin olunması vacib məqamdır: “Həştərxan sammitinədək Bakı sammitinin böyük rolu oldu. Azərbaycan həmişə bu istiqamətdə fəallıq və səmimi istək nümayiş etdirib. Bundan sonra da biz öz səylərimizi əsirgəməyəcəyik. Ümid edirik ki, növbəti 2 il ərzində Konvensiya layihəsində bütün vacib məsələlər öz əksini tapacaq”.

X. Xələfov qeyd edib ki, Xəzər hövzəsində sülh və təhlükəsizlik məsələsi də əsas müzakirə predmeti olaraq qalır.

“Biz Xəzər dənizində sülhün tərəfdarıyıq. Ölkələr Xəzər hövzəsində müdafiənin təşkili zamanı diqqətli olmalı, balanslı silahlanmaya əsaslanmalıdır. Silahlanma məsələsi və təhlükəsizlik amili birgə bəyanatda öz əksini tapıb. Lakin balanslı mexanizm hazırlanmalıdır. Bununla birgə komissiya məşğul olacaq”, – deyə diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR