Qənirə Paşayeva Avropa Şurasını Ermənistana təzyiq göstərməyə çağırıb

Qənirə Paşayeva Avropa Şurasını Ermənistana təzyiq göstərməyə çağırıb
# 26 aprel 2013 07:23 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışıb. APA-nın Strasburq müxbirinin xəbərinə görə, Q. Paşayeva xatırladıb ki, bir neçə gün sonra Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ili tamam olur: “İyirmi bir ildir şuşalılar, laçınlılar da daxil olmaqla, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq, görək AŞPA-da bu mövzuda ayrıca müzakirələr nə vaxt aparılıb, 1416 saylı qətnamə də daxil olmaqla qəbul etdiyimiz sənədlər nə qədər yerinə yetirilib. Təəssüf ki, qəbul edilən sənədlərin, qətnamələrin həyata keçirilməsi istiqamətində heç bir müsbət addım yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qətnamənin qəbulundan təxminən 10 il keçsə də, Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə artıq yüz minlərlə insanın taleyinə laqeyd qalmayıb 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində daha sərt addımlara əl atmaq vaxtı deyilmi?”

Q. Paşayeva assambleyanı Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda xüsusi müzakirələr aparmağa çağırıb: “Mən dəyərli assambleyamızı bu insanların taleyinə biganə yanaşmamağa və qəbul etdiyimiz qərarların, 1416 saylı qətnamənin həyata keçməsi üçün özünün təsir və təzyiq mexanizmlərini artırmağa çağırıram. Bütün beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, prezident Sarkisyan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroportun tikintisini davam etdirdi, Suriyadan qaçan erməniləri Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına köçürmə siyasətini həyata keçirməyə başladı. Bu, bölgədə vəziyyəti daha da gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Biz AŞPA-nı Ermənistandan danışıqlar prosesinə zərbə vuran addımlara son qoymağı tələb etməyə çağırırıq. Unutmamalıyıq ki, Cənubi Qafqaz bölgəsində vəziyyətin getdikcə daha da gərginləşməsi bütün Avropa üçün ciddi təhlükədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR