«Petkim»in satışları tarixi maksimuma çatıb

«Petkim»in satışları tarixi maksimuma çatıb
# 12 mart 2013 10:15 (UTC +04:00)

Bakı – APA-Economics. Türkiyənin «Petkim» neft-kimya holdinqi 2012-ci il üçün maliyyə göstəricilərini açıqlayıb. «Petkim» şirkətinin sahibi olan Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə məhsulların qiyməti və satış həcminin yüksəlməsi ilə əlaqədar gəlirlər 2011-ci ilə nisbətən 12% artaraq 4,349 mlrd. lirə, satış miqdarı isə 3,6% artaraq 1,808 mln. ton səviyyəsinə çatıb.

Bununla yanaşı bildirilir ki, 2011-ci ildə 834 mln. dollar həcmində ixracat həyata keçirən «Petkim» 2012-ci ildə bu göstəricini 25% artıraraq 1,041 mlrd. dollar məbləğinə çatdırıb ki, bu da şirkətin 48 illik tarixində ən yüksək göstəricidir.

Holdinq 2012-ci ildə istehsal gücünü artırmaq məqsədilə 48 mln. dollar həcmində sərmayə yatırıb və ili istehsal gücünün 90% istifadə göstəricisi ilə başa vurub. Şirkətin baş direktoru Sadəddin Qorqud bildirib ki, Avropa bazarlarındakı mövcud problemlər, o cümlədən tələbatın azalması ixracata çətinlik yaratsa da, yeni bazarlara çıxış sayəsində bu göstəricilərin yüksəlməsinə nail olunub. Eyni zamanda, ölkə daxilində termoplastik materiallara tələbat 7-8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR