Azərbaycana 2 kiloqrama yaxın heroinin keçirilməsinin qarşısı alınıb

Azərbaycana 2 kiloqrama yaxın heroinin keçirilməsinin qarşısı alınıb
# 01 aprel 2015 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İrandan piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Əhmədova Pərvanə Ədahil qızı saxlanılıb və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İ. Piriyev piyada yolla İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR