Azərbaycan tibbi-sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi üçün Almaniya təcrübəsini öyrənir

Azərbaycan tibbi-sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi üçün Almaniya təcrübəsini öyrənir
# 18 may 2015 07:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial reabilitasiya xidməti üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Almaniyaya səfər edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilən səfərdə məqsəd əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiyası xidmətinin təkmilləşdirilməsi sahəsində Almaniya ilə təcrübə mübadiləsinin aparılmasıdır. Mayın 23-də başa çatacaq səfər çərçivəsində Almaniyanın aidiyyəti dövlət qurumunun məsul şəxsləri ilə görüşlər keçiriləcək, əlilliyi olan şəxslərlə bağlı hüquqi-normativ baza, bərpa-müalicə və reabilitasiya sisteminin təşkili, tibbi modellə yanaşı sosial modelə əsaslanan reabilitasiya tədbirləri və s. mövzularda məlumat mübadiləsi aparılacaq.

Nümayəndə heyəti eyni zamanda Almaniyada əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan müəssisələrlə, onların iş təcrübəsi ilə yaxından tanış olacaq.

“Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR