Azərbaycanda aktiv əmək müqaviləsi bildirişlərinin yarısı qadınlarla bağlanan əmək müqavilələridir

Azərbaycanda aktiv əmək müqaviləsi bildirişlərinin yarısı qadınlarla bağlanan əmək müqavilələridir
# 06 mart 2015 10:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir ki, onların təqribən 47%-i, yəni 592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır.

Hazırda Azərbaycanda qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Başqa sözlə, təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76%-78%-ini qadınlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR