ARDNŞ prezidenti: “"Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmindədir”

ARDNŞ prezidenti: “"Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmindədir”
# 19 sentyabr 2014 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilib ki, bu da hər bir ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir ki, "Əsrin müqaviləsi" həyata vəsiqə qazandıqdan sonra görülmüş möhtəşəm tədbirlərin nəticəsidir ki, ölkədə qaz hasilatı dinamik şəkildə yüksəlib, 2004-cü ildəki 5,6 mlrd. kubmetrdən ötən il 29,5 mlrd. kubmetrə çatıb. Azərbaycanın qaz resurslarının ilbəil artımı əsasən 3 mənbədən təmin olunur. Birinci mənbə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunan səmt qazıdır. 1997-ci ildən bu günə qədər "Əsrin müqaviləsi" çərçivəsində çıxarılmış qazın 32,3 mlrd. kubmetrlik həcmi Azərbaycan dövlətinə təhvil verilərək ölkənin zəruri ehtiyaclarının ödənilməsi baxımından müstəsna önəm kəsb edib. İkinci mənbə "Şahdəniz" yatağından hasil olunan qazdır. Yataq istismara verilən gündən indiyədək oradan 54,4 mlrd. kubmetr qaz və 14 mln. ton kondensat hasil edilib. Üçüncü mənbə isə ARDNŞ-nin müstəqil işlədiyi yataqlardan çıxarılan qazdır. Həyata keçirilmiş çoxsaylı kompleks tədbirlər nəticəsində şirkətimizin qaz hasilatı 2005-ci illə müqayisədə təxminən 2 dəfə artırılaraq ötən il 7,14 mlrd. kubmetr təşkil edib”.

Məqalədə həmçinin qeyd edilir ki, ötən illər dənizdə aparılan axtarış-kəşfiyyat və qazma işləri nəticəsində olduqca böyük nailiyyətlər qazanılıb : “1998-ci ildə ehtiyatlarının həcminə görə orta qiymətləndirilən "Əşrəfi" və "Qarabağ" yataqları kəşf olunub. AÇG yataqlar blokunun saziş sahəsində aparılan kəşfiyyat və 3D seysmik işlər nəticəsində burada neft və qaz ehtiyatlarının əvvəllər nəzərdə tutulduğundan 2 dəfə artıq olduğu aşkarlanıb. Son illərdə "Ümid" və "Abşeron" yataqlarının açılması da mühüm uğurlardandır. Lakin ötən 20 ildə kəşfiyyat-axtarış sahəsində əldə olunmuş ən böyük nailiyyət 1999-cu ildə "Şahdəniz" yatağının kəşf edilməsidir. İstismarına 2006-cı ildən başlanılan bu yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmindədir. Dünyadakı dəniz akvatoriyalarında belə zəngin resurslara malik yataqlar çox deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR