Elektron Təhlükəsizlik Mərkəzi “Anti-Phishing Working Group” təşkilatına üzv seçilib

Elektron Təhlükəsizlik Mərkəzi “Anti-Phishing Working Group” təşkilatına üzv seçilib
# 09 iyul 2014 07:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Anti-Phishing Working Group” (APWG) beynəlxalq təşkilatına üzv olub. Beləliklə, ETM sözügedən qurumun tədqiqat qrupunun rəsmi üzvləri sırasına daxil olub.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu hadisə Azərbaycanda elektron təhlükəsizlik sahəsində həyata keçirilən siyasətin beynəlxalq arenada da uğurla davam etdirilməsinə imkan yaradacaq.

“APWG” ilə əməkdaşlıq onun üzvlərinə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı “APWG” tərəfindən müəyyən olunan “Fişinq Hesabat” ünvanında “Fişinq Hesabat Fondu Məlumatları”na çıxış əldə etmək hüququna malik olur.

Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta “phishing” məlumatlarını düzgün və dəqiq göstərməsini təmin etmək üçün səy göstərmək və “APWG” üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək haqqı əldə edir. Həmçinin tərəfdaşlara “APWG” xəbərlər və hesabatlarına abunə olmaq, onlardan istifadə etmək, qurumun iclaslarında iştirak etmək hüququ da verilir.

Hazırda dünya ölkələrindən 2 000-dən çox müəssisənin üzv olduğu “APWG” 2003-cü ildən fəaliyyət göstərməkdədir. Qurum sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq koalisiyadır. Bu təşkilat fişinq və kibercinayətkarlıq məsələlərini müzakirə etmək, potensial texnoloji həlləri təmin etmək üçün vahid platforma rolunu oynayır. Artıq Azərbaycanın da üzv olduğu “Anti-Phishing Working Group” Avropa Şurası, Kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyası, Birləşmiş Millətlər Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR