İqtisadiyyat və Sənaye Nazirliyi sənayenin müxtəlif sahələri üzrə 8 işçi qrupu yaradıb

İqtisadiyyat və Sənaye Nazirliyi sənayenin müxtəlif sahələri üzrə 8 işçi qrupu yaradıb
# 17 aprel 2015 16:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən sənayenin müxtəlif sahələri üzrə (yüngül, ağac emalı və mebel istehsalı, kimya, əczaçılıq məhsulları istehsalı, aqrar, kompüter və elektron avadanlıq, metallurgiya, maşın və avadanlıq istehsalı, tikinti-inşaat materialları sənayesi) 8 işçi qrupu yaradılıb.

Nazirlikdən “APA-Econmics”ə verilən xəbərə görə, işçi qrupları müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, bu inkişafa təkan verən amillərin nəzərdən keçirilməsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədi ilə yaradılıb.

Qeyd edək ki, ötən il işçi qruplarının ilk iclasları keçirilib, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

Onu da əlavə edək ki, bu gün İSN-də maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclası keçirilib. İclasda müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflər irəli sürüblər. İclasda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft-maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib.

İclasın sonunda maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İSN tərəfindən bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR