Allahşükür Paşazadə: “Dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur”

Allahşükür Paşazadə: “Dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur”
# 17 noyabr 2014 07:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkil etdiyi dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün hər kəs Azərbaycanda dini-mənəvi irsə ehtiramı, tolerantlıq ənənələrini bilavasitə müşahidə edib dəyərləndirmək imkanına malikdir: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə birgə keçirdiyimiz Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbirdə tolerantlıq sahəsində nailiyyətlərimizi bölüşmək haqqını qazanmağımız, heç şübhəsiz, bu sahədə nailiyyətlərimizə verilən yüksək dəyərdir. Xalqımızın milli-mənəvi və tarixi irsinə istinad edən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün böyük qürur mənbəyidir. Bu tolerantlığın dövlət siyasətinin ayrılmaz hissəsi olaraq bünövrəsini qoymuş ulu öndərimiz Heydər Əliyevin yoludur və bu uğurlara görə biz onun ruhuna borcluyuq”.

A.Paşazadə qeyd edib ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər: “Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, onların yeniləri inşa edilir, bərpa və yenidənqurma işləri həyata keçirilir. Heç bir din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz ibadətlərini, dini bayram və ayinlərini icra edirlər. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Vətəndaşlarımızın demokratik insan hüquqları, o cümlədən dini etiqad azadlıqları qanunla təsbit və təmin olunur”.

Şeyxin sözlərinə görə, dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur: “Məhz mənəviyyat sahəsində baş verən problemlər həyatımızın bütün sahələrində fəsadlı əksini tapır. Allahın yaratdığı ən böyük dəyər insandır və onun həyatının xilası tolerantlıqdan - müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş xalqımız hətta Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edir. Biz BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir, ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR