Arxeologiya və Etnoqrafiya İnstitutu: “Azərbaycanda arxeoloji abidələr dağıntıya məruz qalır”

Arxeologiya və Etnoqrafiya İnstitutu: “Azərbaycanda arxeoloji abidələr dağıntıya məruz qalır”
# 18 aprel 2013 10:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbir 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunub.

N.Museyibli bildirib ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da tarixi abidələrin mühafizəsi mühüm problemlərdən biridir. Onun sözlərinə görə, bu istiqamətdə dövlət və ictimaiyyətin birgə fəaliyyəti zəruridir: “Azərbaycan Konstitusiyasında qeyd edilib ki, tarixi abidələrin mühafizəsi hər bir şəxsin borcudur. Mühafizə həm də tədqiqatların aparılması ilə vəhdət təşkil etməlidir. Arxeologiya və Etnoqrafiya İnstitutu olaraq hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə fəaliyyətimizi davam etdiririk. Respublika ərazisindəki abidələrin həm aşkar olunması, həm də tədqiqatları sahəsində birgə fəaliyyət göstəririk. Eyni zamanda abidələrin qorunmasının mühüm istiqamətlərindən biri də orada tədqiqatların aparılmasıdır”.

Direktor müavini deyib ki, bütün abidələr Azərbaycanda qanunvericiliklə mühafizə edilsə də, dağıntılara daha çox arxeoloji abidələr məruz qalır: “Çünki memarlı abidələri yerin üzərindədir və istənilən şəxs tərəfindən müşahidə edilir. Arxeoloji abidələrin isə öz spesifikası var. Onlar yerin müasir səthindən alt səviyyələrdə yerləşir. Əksər hallarda aparılan müəyyən təsərrüfat və tikinti işləri zamanı bu abidələr məqsədsiz şəkildə dağıntılara məruz qalır və ziyan çəkirlər. Biz də çalışırıq ki, bu abidələr haqqında informasiya geniş ictimaiyyətə çatdırılsın və bunların dağıntısının qarşısı alınsın”.

Qeyd edək ki, Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, UNESCO-nun tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR