Türkiyəli deputatlar Bundestaqın qondarma “soyqırımı”nı tanımaq qərarını şərh ediblər

Türkiyəli deputatlar Bundestaqın qondarma “soyqırımı”nı tanımaq qərarını şərh ediblər
# 02 iyun 2016 14:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Bundestaqının uydurma “erməni soyqırımı”nı tanımasına dair qərarına münasibət bildiriblər.

Milliyyətçi Hərəkat Partiyasının Kayseri millət vəkili Yusif Halaçoğlu APA-nın Türkiyə bürosuna bildirib ki, Almaniya ikinci dünya müharibəsində faşistlərin yəhudilərə qarşı törətdiyi soyqırımına şərik axtarır: ““Almaniya bu suala cavab versin: Türklər ermənilərə “soyqırımı” yapdılarsa, ermənilər ABŞ-da, Fransada, Rusiyada, Livanda, Suriyada, Türkiyədə necə yaşayırlar? İndi də yenidən necə Türkiyəyə sığındılar? Niyə Bundestaq ermənilərin qətlə yetirdiyi 518301 türkün aqibətiylə maraqlanıb, onların soyqırımına məruz qalması ilə bağlı qərar qəbul etmir? 1915-ci ildə İttihad və Tərəqqi hökumətinin baş qərargahı üzərində Almaniyanın çox böyük təsir gücü vardı. Ermənilərə “soyqırım” yapıldısa, almanlar niyə əngəl olmadılar? Türkiyəyə qarşı heç bir əsası olmayan bir qanun qəbul edilib. Əmin olsunlar ki, biz bu qanunu olduğu kimi onlara qaytaracağıq”.

Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Niyazi Nəfi Kara APA-ya deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı olduğu halda Bundestaqın belə bir qərar qəbul etməsi anlaşılmazdır: “Soyqırımı məsələsində özünə ortaq axtaran Almaniya Türkiyənin əleyhinə bu qərarı qəbul edib. Biz sədr Kamal Kılıçdaroğluyla birlikdə Bundestaqın üzvlərinə dəfələrlə başa saldıq ki, bu əsassız layihədən vaz keçsinlər. Fransanın Şükrü Ələkdağla bağlı qəbul etdiyi qərar və həmçinin, Avropa İnsan Haqları Məhkəməsinin Perinçəklə bağlı verdiyi hökm bu məsələni Avropanın gündəmindən həmişəlik çıxarmalı olduğu halda Bundestaqın belə bir qərar qəbul etməsi çox üzücüdür. Biz dəfələrlə dedik ki, tarixi məsələlərlə məşğul olmaq parlamentlərin yox, alimlərin işidir. Bu, Almaniyanın bizə qarşı qərəzli münasibətini göstərir, eyni zamanda ,Türkiyənin xarici siyasətinin uğursuzluğunu bir daha nümayiş etdirməkdədir. Ölkənin xarici siyasəti düzgün qurulmayıb, milli məsələlərlə bağlı xaricdə təsirli mübarizə aparılmır. Bundan sonrakı dönəmdə Bundestaqın və digər ölkələrinin parlamentlərinin qərarlarının ləğv etdirilməsi üçün Türkiyə XİN-in bütün imkanlardan istifadə etməsi lazımdır”.

Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk isə APA-ya açıqlamasında Bundestaqın qərarının Türkiyənin xoşniyyətli addımlarına da əngəl törədəcəyini bildirib: “Almaniya Parlamentinin qəbul etdiyi “soyqırımı” qərarı Türkiyəyə qarşı qərəzli münasibətin ifadəsidir. Hazırda Türkiyə tarixinin ən güclü dönəmlərindən birini yaşayır, öz haqlı mövqeyini, başda Almaniya olmaqla, Avropa ölkələrinə qəbul etdirmək üçün təsirli mövqe tutur. Bundestaqın bugünkü qərarını da bu çərçivədə dəyərləndirmək lazımdır. Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası təxminən 1.5 il əvvəl qəbul etdiyi qərarda 1915-ci il hadisələrinin “soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyinə işarə etmişdi, buna rəğmən Almaniya parlamenti bu qərarı qəbul etdi. Bundan sonra Türkiyə öz haqlı mövqeyini müdafiəyə davam edəcək və subyektiv qərar qəbul edən Almaniyaya lazımi cavabı verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR