Şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
# 14 iyun 2016 13:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Mən onların evinə gedib-gəlirdim. Nəsə xarab olanda düzəldirdim. Hadisədən əvvəl pul almışdım. Lakin işlərini gedib görməmişdim. Mən həmin gün getdim ki, onlardan üzr istəyəm və nə iş varsa görüb, pul alam. Lakin orada mübahisəmiz düşdü. Özümlə apardığım çəkiclə əvvəlcə qadını sonra isə oğlanın başından vurub öldürdüm. Daha sonra dəhlizdəki şkafın üzərindən pul qabını götürüb getdim. Hadisədən 11 gün sonra məni həbs etdilər. İstintaq materiallarında yazılıb ki, mən narkotikə görə bunu etmişəm. Ancaq belə deyil. Bəli, mən narkotik istifadə edirəm, ancaq ona görə iki nəfəri öldürmərəm. Hadisədən sonra çəkici dənizə atdım”.

Məhkəmə prosesi iyunun 17-də davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni baş verən evdə ustalıq edirmiş.

Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR